Daxili və Xarici Bazarlara Həftəlik Baxış
Daxili Bazar
- Ötən həftə AR Maliyyə Nazirliyinin 5 illik istiqrazlarının hərracı keçirilmişdir, lakin hərrac zamanı sifarişlər emitenti qane etmədiyi üçün hərrac baş tutmamışdır. Bu həftə isə AR Maliyyə Nazirliyinin 60 milyon AZN həcmində 2 illik istiqrazlarının yerləşdirilməsi planlaşdırılıb. Keçən ay 2 illik istiqrazların orta ölçülmüş və kəsmə gəlirlilikləri müvafiq olaraq, 7.80% və 8.25% olmuşdur.
- 12-13 iyul tarixlərində AR Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərraclarda orta ölçülmüş gəlirliliklər 3 aylıq notlarda 7.33%-dən 8.15%-ə, 6 aylıq notlarda 8.38%- dən 8.71%-ə, 9 aylıq notlarda 9.14%-dən 9.95%-ə yüksəlmişdir. 1 aylıq not hərracında isə investorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından hərrac baş tutmamışdır.
- AR Mərkəzi Bankı hüquqi şəxslərin depozitlərinin məcburi ehtiyat normalarını artırıb. Belə ki, milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin isə yeddi yüz əlli milyon manat ekvivalentini üstələyən banklar üzrə məcburi ehtiyat normaları bütün öhdəliklər üzrə müvafiq olaraq 10% və 12% səviyyəsində müəyyən olunsun. Milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləği bir milyard manatdan, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləği yeddi yüz əlli milyon manat ekvivalentindən az olan banklar üzrə isə məcburi ehtiyat normaları bütün öhdəliklər üzrə müvafiq olaraq 5% və 6% səviyyəsində saxlanılmışdır.Həmçinin, faiz dəhlizinin maliyyə sektorunda digər faizlərə təsirlərini gücləndirmək üçün sterilizasiya yönümlü daimi imkan aləti üzrə günlük limitin 15 avqust 2023-cü il tarixindən ləğv edilməsinə qərar verilmişdir.
- Ötən həftə Azərbaycanda inflyasiya dərəcəsi açıqlandı. İllik inflyasiya azalaraq 13.1%-dən 12.7%-ə düşmüşdür. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə inflyasiya 15.1%, qeyri-ərzaq məhsulları üzrə 11.4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.5% təşkil etmişdir.
Qlobal Bazar
- Ötən həftə ABŞ-da inflyasiya göstəricisi olan İstehlak Qiymətləri İndeksi açıqlandı. İnflyasiya analitiklərin gözləntilərindən də çox azalaraq 4.0%-dən 3.0%-ə düşmüşdür. Gözləntilər isə inflyasiyanın 3.1%-ə düşəcəyi istiqamətində idi.
- Bu həftə, 20 iyul tarixində Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. Faizlərin 15.0%-dən 18.25%-ə artırılacağı gözlənilir. Xatırladaq ki, Türkiyədə hazırda inflyasiya 38.21%-dir.
- Rusiyada inflyasiya qismən artaraq 2.51%-dən 3.25%-ə yüksəlmişdir.
- 21 iyul tarixində keçiriləcək Rusiya Mərkəzi Bankının qərarında əsas faiz dərəcəsinin 7.50%-dən 8.00%-ə qaldırılacağı proqnoz edilir.
- Çində iqtisadi artım gözləntilərdən az açıqlanıb. Artımın 7.1% olacağı proqnoz edilsə də faktiki göstərici 6.3% olub. Həmçinin Çində 16-24 yaşlı işçi qüvvəsi arasında işsizlik pik həddə, 21.3%-ə çatmışdır.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.