Daxili və Xarici Bazarlara Həftəlik Baxış
Daxili Bazar
- Ötən həftə AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda tələb 399 milyon AZN olmuş, 135 milyon AZN yerləşdirilmişdir. İstiqrazların orta ölçülmüş və kəsmə gəlirlilikləri müvafiq olaraq, 8.77% və 9.00% olmuşdur. Xatırladaq ki, iyul ayının sonunda 3 illik (effektiv 1001 gün) istiqraz hərracında orta və kəsmə gəlirliliklər 9.42% və 9.75% idi.
- Bu həftə 80 milyon AZN həcmində 2 illik istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İyul ayında eyni müddətli istiqrazların hərracı 8.38% orta və 8.98% kəsmə gəlirliliklə nəticələnmişdi.
- AR Mərkəzi Bankının notlarının gəlirliliklərində cüzi azalmalar qeydə alınmışdır. Orta ölçülmüş gəlirliliklər 3 aylıq notlarda 7.92%-dən 7.77%-ə, 6 aylıq notlarda 8.86%- dən 8.71%-ə, 9 aylıq notlarda isə 9.13%-dən 9.08%-ə düşmüşdür. 1 aylıq notların hərracında investorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından bu hərrac baş tutmamışdır.
- Həmçinin, keçən həftə AR Mərkəzi Bankının 7 günlük notlarının yerləşdirilməsi üzrə hərrac da keçirilmişdir. Qeyd edək ki, 1, 3, 6 və 9 aylıq notlardan fərqli olaraq 7 günlük not hərraclarında yalnız Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən yerli banklar iştirak edə bilir və bu hərraclarda qiymət limiti tətbiq edilir. Hərracda orta ölçülmüş gəlirlilik 7.62% olmuş və 30 milyon AZN yerləşdirilmişdir.
- Azərbaycanda iyul ayında da deflyasiya qeydə alınmış və illik inflyasiya 12.7%-dən 12.2%-ə (ərzaq məhsulları üzrə 15.1%, qeyri-ərzaq məhsulları üzrə 11.4%, ödənişli xidmətlər üzrə 10.5%) düşmüşdür. • Statistika Komitəsinin məlumatına görə 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 0.7% iqtisadi artım qeydə alınıb. Yanvar-iyun aylarında bu göstərici 0.5% idi.
Qlobal Bazar
- Ötən həftə ABŞ-da inflyasiya göstəricisi olan İstehlak Qiymətləri İndeksi açıqlandı. ABŞ-da illik inflyasiya artaraq 3.0%-dən 3.2%-ə yüksəlmişdir. Analitiklərin gözləntiləri 3.3% idi.
- 16 avqust tarixində FED-in 26 iyuldakı iclasının detallı hesabatı təqdim olunacaq.
- Bu həftə Avrozonada inflyasiya və iqtisadi artım məlumatları açıqlanacaq. 16 avqustda açıqlanacaq iqtisadi artımın 0.6% olacağı proqnoz edilir. 18 avqustda açıqlanacaq inflyasiyanın dəyişməyərək 5.3% qalacağı gözlənilir.
- 10 avqust tarixində Türkiyədə işsizlik dərəcəsi açıqlandı. İşsizlik artaraq 9.5%-dən 9.6%-ə yüksəlmişdir.
- Rusiyada illik inflyasiya artaraq 3.25%-dən 4.30%-ə yüksəlmişdir.
- Ötən həftə həmçinin Rusiyada iqtisadi artım məlumatı açıqlanmışdır. Cari ilin 2-ci rübü üçün illik iqtisadi artım gözləntilərdən (3.9%) yüksək 4.9% olub. Xatırladaq ki, 1- ci rübün sonunda bu göstərici -1.8% (iqtisadi azalma) idi.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.