Daxili və Xarici Bazarlara Həftəlik Baxış
Daxili bazar
- 2024-cü il ərzində AR Maliyyə Nazirliyi tədavül müddəti 1 ilədək olan istiqrazlar üzrə 1.5 mlrd. AZN həcmində, tədavül müddəti 5 ilədək olan istiqrazlar üzrə 4.5 mlrd. AZN həcmində, tədavül müddəti 5 ildən yuxarı olan istiqrazlar üzrə 1 mlrd. AZN həcmində olmaqla ümumilikdə 7 mlrd. AZN daxili borclanma planlaşdırılmışdır. Cari ilin əvvəlindən ümumilikdə 744 milyon AZN yerləşdirmə baş tutmuş, Maliyyə Nazirliyi istiqrazlarının gəlirliliklərində artım müşahidə edilmişdir. Son hərraclara əsasən, ilkin bazarda orta ölçülmüş gəlirliliklər 1 illik istiqrazlarda 7.05%-ə, 2 illik istiqrazlarda 7.86%-ə, 3 illik istiqrazlarda isə 8.04%-ə yüksəlmişdir. Həmçinin, 12 mart tarixində 150 milyon AZN həcmində 3 illik istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
- Ötən həftə AR Mərkəzi Bankının notlarında orta ölçülmüş gəlirliliklər 1 aylıq notlar üzrə 6.68%, 3 aylıq notlar üzrə 7.10%, 9 aylıq notlar üzrə 6.95% olmuşdur. Xatırladaq ki, AR Mərkəzi Bankının notlarını təkrar bazarda kommersiya banklarından başqa digər investorlar da əldə edə bilərlər. Bu ilin əvvəlindən notların nominal dəyəri 1 not üzrə 10 000 AZN-dən 100 000 AZN-ə dəyişdirilmişdir.
Qlobal bazar
- Ötən həftə ABŞ bazarı üçün əsas məşğulluq göstəriciləri açıqlanmışdır. Fevral ayında qeyri-kənd təsərrüfatı sahələrində iş yerlərinin sayında ümumilikdə 275k dəyişiklik olmuşdur (yanvarda 353k, gözləntilər 200k). İşsizlik dərəcəsi artaraq 3.7%-dən 3.9%-ə yüksəlmişdir.
- 12 mart tarixində ABŞ-da İstehlak Qiymətləri İndeksi açıqlanacaq. İnflyasiya göstəricisinin aylıq əsasda artaraq 0.3%-dən 0.4%-ə yüksələcəyi, illik inflyasiyanın isə dəyişməyərək 3.1% qalacağı gözlənilir.
- 7 mart tarixində Avropa Mərkəzi Bankı pul siyasəti ilə bağlı iclasında faizlərin sabit saxlanılacağı ilə bağlı qərar qəbul etdi və əsas uçot dərəcəsini gözləntilərə uyğun olaraq 4.5% həddində saxladı.
- Rusiyada inflyasiyanın artaraq 7.44%-dən 7.62%-ə yüksələcəyi gözlənilir. Məlumat 13 mart tarixində açıqlanacaq.
- Türkiyədə inflyasiya fevral ayında artaraq 64.86%-dən 67.07%-ə yüksəlib.
- Cari ilin əvvəlindən dünya səhm və kripto bazarlarında artım tendensiyası üstünlük təşkil etməkdədir. İlin əvvəlindən S&P500 səhm indeksi 4 743 dollardan 5 124 dollara, Dow Jones indeksi 37 715 dollardan 38 723 dollara, NASDAQ 14 766 dollardan 16 085 dollara yüksəlmişdir. Hazırda Bitcoin və Ethereum müvafiq olaraq, 71 000 dollar və 3 990 dollar həddində ticarət edilir.
- Qızılın qiyməti tarixi maksimumunu yeniləyərək ötən həftə 2 180 dollar həddində bağlanmışdır.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.