Daxili və Xarici Bazarlarda son dəyişikliklər
Daxili bazar
- Ötən həftə AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 1 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərracda gəlirliliklər cüzi artmış, hərrac 7.93% orta ölçülmüş və 8.05% kəsmə gəlirliliklə nəticələnmiş, 135 milyon AZN vəsait yerləşdirilmişdir.
- Bu həftə AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Bundan öncəki 3 illik istiqrazların yerləşdirilməsi üzrə keçirilmiş hərracda orta ölçülmüş və kəsmə gəlirliliklər, müvafiq olaraq, 8.35% və 8.45% olmuşdur.
- Keçən həftə AR Mərkəzi Bankının 6 aylıq və 9 aylıq notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. 6 aylıq notlar ortalama 7.67%-lə, 9 aylıq notlar isə ortalama 7.82%-lə yerləşdirilmişdir.
- Banklarda likvidliyin daha effektiv tənzimlənməsi və likvidliyin təmərküzləşməsi səviyyəsinin azaldılması məqsədilə məcburi ehtiyat normaları üzrə yeni diferensiasiya meyarları müəyyənləşmişdir. Yeni diferensiasiya meyarları və bu meyarlara uyğun məcburi ehtiyat normaları haqda ətraflı məlumatı https://www.cbar.az/press-release-4407/about-reserve-requirement-ratios linkinə keçid edərək əldə edə bilərsiniz.
- Azərbaycanda milli valyutada olan müddətli əmanətlərə vergi güzəşti məqsədilə Vergi Məcəlləsində dəyişiklik nəzərdə tutulur. Vergi Məcəlləsinə dəyişiklik layihəsində fiziki şəxslərin hər bir bankda milli valyutada olan depozitləri üzrə hesablanan illik faiz gəlirlərinin 2 400 manatadək olan hissəsinin vergidən azad olunması nəzərdə tutulur. Bundan əlavə, fiziki şəxslərin hər bir bankda 18 ay və daha artıq müddətdə yerləşdirilən milli valyutada olan əmanətlər üzrə faiz gəlirlərinin tam olaraq 3 il müddətinə vergidən azad olunması da nəzərdə tutulur. Layihəyə əsasən, müddəalar fiziki şəxslərin hər bir bankda olan əmanətinə ayrılıqda tətbiq edilir. Azadolmaların hər iki halda milli valyutada olan əmanətlərə tətbiqi milli valyutada əmanətlərin cəlbinə marağı artırmağa xidmət edir.
Qlobal bazar
- ABŞ-da ilkin işsizlik müraciətlərində, həmçinin, aktiv müraciət saylarında müsbət tendensiya müşahidə edilməkdədir. İlkin işsizlik müraciətlərinin sayı 231k-dan 209k-a düşmüşdür (gözləntilər 227k idi). Son məlumatlara əsasən isə cəmi aktiv işsizlik müraciətlərinin sayı 1 840k-dır (gözlənti 1 865k idi).
- 29 noyabr tarixində ABŞ-da 3-cü rüb üzrə illik iqtisadi artım məlumatı yenilənəcək. Xatırladaq ki, ilkin açıqlanmış məlumatda ABŞ-da 3-cü rüb üzrə illik ÜDM artımının 4.9% olduğu açıqlanmışdı və məlumatlar yenidən nəzərdən keçirildikdən sonra ÜDM artımının 5.0% açıqlanacağı gözlənilir. 2-ci rüb üzrə ABŞ-da illik ÜDM artımı 2.1% idi.
- 30 noyabr tarixində açıqlanacaq məlumatda Avrozonada işsizliyin 6.5% qalacağı proqnoz edilir.
- Türkiyə Mərkəzi Bankı ötən həftə keçirilən iclasında yüksək inflyasiya səbəbilə faiz dərəcəsini 5 faiz bəndi artıraraq faizləri 35%-dən 40%-ə qaldırdı. İqtisadçılar faizlərin 37.5%-ə qaldırılacağını proqnoz edirdilər. Qərardan sonra da Türk lirəsi ABŞ dolları qarşısında dəyər itirməyə davam etmişdir. Türkiyədə hazırda inflyasiya 61.36%-dir və bu məlumat 4 dekabr tarixində yenilənəcək.
- 30 noyabr tarixində 3-cü rüb üzrə Türkiyədə illik ÜDM artımı məlumatı açıqlanacaq. İqtisadi artım tempinin artaraq 3.8%-dən 5.2%-ə qalxacağı proqnoz edilir.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.