Hərəkətli bazarlarda son dəyişikliklər
Daxili bazar
- Bu həftə, 20 sentyabr tarixində AR Mərkəzi Bankı faiz dəhlizinin parametrləri ilə bağlı qərarını açıqlayacaq. Mərkəzi Bankın məlumatına əsasən qərar daxili və xarici inflyasiya riskləri, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsi nəzərə alınmaqla veriləcəkdir. Hazırda uçot faiz dərəcəsi 9.0%, dəhlizin aşağı həddi 7.5%, dəhlizin yuxarı həddi isə 10.0%-dir. İnflyasiyanın azalmaqda davam etməsi səbəbi və həmçinin, alternativ antiinflyasiya tədbirlərinin də tətbiqini nəzərə alaraq Mərkəzi Bankın bu dəfə də faizləri olduğu kimi saxlayacağı ehtimal olunur. Xatırladaq ki, Azərbaycanda avqust ayında deflyasiya baş vermiş, illik inflyasiya azalaraq 12.2%-dən 11.7%-ə düşmüşdür.
- Keçən həftə AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərracı 8.16% orta ölçülmüş və 8.38% kəsmə gəlirliliklə nəticələnmiş, 120 milyon AZN vəsait yerləşdirilmişdir. Bu həftə AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 2 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Sentyabr ayının əvvəlində 2 illik istiqraz hərracı 7.48% orta ölçülmüş və 8.00% kəsmə gəlirliliklə nəticələnmişdi.
- AR Mərkəzi Bankının notları üzrə gəlirliliklərdə azalma tendensiyası davam etməkdədir. Keçən həftə keçirilən hərraclarda orta ölçülmüş gəlirliliklər 8.16%-8.86% aralığından 8.03-8.57% aralığına düşmüşdür. Belə ki, gəlirliliklər 1 aylıq notlarda 8.16%-dən 8.03%-ə, 3 aylıq notlarda 8.24%-dən 8.21%-ə, 6 aylıq notlarda 8.29%-dən 8.20%-ə, 9 aylıq notlarda 8.86%-dən 8.57%-ə düşmüşdür. Hər biri 20 milyon AZN olmaqla 80 milyon AZN vəsait yerləşdirilmişdir.
Qlobal bazar
- ABŞ-da illik inflyasiya gözləntilərdən (3.6%) də çox artaraq 3.2%-dən 3.7%-ə çatmışdır. İnflyasiya artımına əsas səbəb enerji və ərzaq qiymətlərindəki artım olmuşdur. Avqust ayı üçün enerji və ərzaq qiymətləri nəzərə alınmamaqla istehlak qiymətləri indeksi 4.7%-də 4.3%-ə düşmüşdür.
- Bu həftə FED faiz qərarını açıqlayacaq. Faizlərin dəyişdirilməyərək 5.25%-5.50% həddində saxlanılacağı gözlənilir.
- 14 sentyabr tarixində Avropa Mərkəzi Bankı iclasında gözləntilərin əksinə olaraq faiz artımı qərarını verdi. Gözləntilər faizlərin dəyişdirilməyərək sabit saxlanılacağı olsa da Avropa Mərkəzi Bankı 0.25% artım edərək əsas uçot faiz dərəcəsini 4.25%-dən 4.50%-ə çatdırdı.
- 19 sentyabrda Avrozonada avqust ayı üçün yekun inflyasiya məlumatı açıqlanacaq. Gözlənti 5.3%-dir.
- 21 sentyabr tarixində Türkiyə Mərkəzi Bankı faiz dərəcəsi ilə bağlı qərar verəcək. Faizlərin 25%-dən 30%-ə qaldırılacağı proqnoz edilir.
- Ötən həftə Rusiya Mərkəzi Bankı faiz dərəcəsini artıraraq faizləri 12%-dən 13%-ə qaldırdı.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.