Maliyyə bazarında son baş verənlər
Ötən həftə Azərbaycanda avqust üçün inflyasiya açıqlandı. 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-avqust aylarına nəzərən 13.2%, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18.9%, qeyri-ərzaq məhsulları üzrə 7.2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.0% artıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.9%, əvvəlki ilin avqust ayına nisbətən 14.2% yüksəlib. 2022-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1.2%, əvvəlki ilin avqust ayına nisbətən 20.8 % təşkil etmişdir.
16 sentyabr tarixində AR Mərkəzi Bankı faiz dərəcəsinin parametrlərinə dair növbəti iclasını keçirdi. İclasda faizlər sabit, uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4.00%, faiz dəhlizinin yuxarı həddi 9.25% olaraq saxlanıldı. Mərkəzi Bankın məlumatına əsas2022-ci ilin 8 ayında ümumi daxili məhsul real ifadədə 5.8%, o cümlədən qeyri-neft sektoru üzrə 10.3% artmışdır. Pul siyasətinə dair növbəti qərarlar qlobal mühitdə gedən proseslərin ölkə daxilindəki inflyasiya proseslərinə və maliyyə bazarlarına təsirləri, habelə daxili və xarici risk amillərinin balansı nəzərə alınmaqla qəbul ediləcəkdir. Bu qərar 16 sentyabr 2022-ci ildən qüvvəyə minir. Pul siyasәti qәrarına dair növbəti açıqlama 2022-ci il oktyabr ayının 28-də veriləcək və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.
Artan inflyasiya məlumatının açıqlanmasından sonra ötən həftə AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının gəlirliliklərində artım müşahidə edilmişdir, belə ki, hərrac 6.22% orta ölçülmüş gəlirliliklə (bundan öncəki AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının hərracında orta ölçülmüş gəlirlilik 6.13% olmuşdur) nəticələnmişdir.
Ötən həftə AR İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü il və ondan sonrakı 3 il üçün makroiqtisadi proqnoz göstəriciləri açıqlandı. Proqnozlara əsasən cari ildə ÜDM artımı 3.5%, 2023-cü ildə 4.5-5.1% olacaq.
Ötən həftə növbəti il üçün AR Dövlət Büdcəsi göstəricisinin proqnozları açıqlanıb.
Büdcə gəlirləri - 2023-cü ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürülməklə 2023-cü il dövlət büdcəsinin gəlirləri ÜDM-nin 29 faizi həcmində yəni 30 milyard 720,7 milyon manat nəzərdə tutulur ki, bunun da 53,0 faizi və ya 16 milyard 297,0 milyon manatı neft sektorunun, 47,0 faizi və ya 14 milyard 423,7 milyon manatı qeyrineft sektorunun payına düşür.
Büdcə xərcləri - 2023-ci il üçün 33 milyard 300 milyon manat (ÜDM-nin 31,5 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 22 milyard 635,7 milyon manatı və ya 68,0 faizi cari xərclərə, 9 milyard 659,3 milyon manatı və ya 29,0 faizi əsaslı xərclərə, 1 milyard 5 milyon manatı və ya 3 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılmışdır.
13 sentyabrda ABŞ-da illik inflyasiya göstəricisi gözləntilərdən (8.1%) yüksək 8.3% açıqlandı, ötən ay bu göstərici 8.5% idi. ABŞ Federal Ehtiyat Sistemi inflyasiyanı 2% hədəflərinə qaytarmaq üçün bütün əlindəki imkanlardan istifadə edəcəyini işarə edib. Proqnozlara görə, 21 sentyabrda keçiriləcək iclasda ABŞ FED-i faizləri 75 baza bəndi artıracaq. Cari uçot faiz dərəcəsi isə 2.50% təşkil edir.
Avrozonada inflyasiya gözləntilərə uyğun, 9.1% açıqlanıb. Xatırladaq ki, bu ayın əvvəli Avropa Mərkəzi Bankı tarixdə ilk dəfə olaraq 0.75% faiz artımı edərək faizləri 0.5%-dən 1.25%-ə qaldırdı.
Rusiya Mərkəzi Bankı ölkədə inflyasiyanın azalması və gözləntilərə uyğun açıqlanması səbəbilə uçot faiz dərəcəsi 0.50% azaldaraq 8.0%-dən 7.5%-ə dəyişmişdir. Qeyd edək ki, Rusiyada illik inflyasiya 15.1%-dən 14.3%-ə geriləyib.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.