Maliyyə bazarlarına həftəlik analitikası
Daxili bazar
- Ötən həftə AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı gəlirlilik dərəcələri Emitenti qane etməməsi səbəbilə hərrac baş tutmamışdır.
- Bu həftə AR Maliyyə Nazirliyinin 100 milyon AZN həcmində 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. 3 illik istiqrazlar üzrə faiz dərəcəsi (kupon) 7%-dən 6%-ə endirilmişdir. Bundan öncə baş tutan hərracda 3 illik istiqrazlar üzrə orta ölçülmüş gəlirlilik 8.35%, kəsmə gəlirlilik isə 8.45% olub.
- Ötən həftə baş tutan hərracda AR Mərkəzi Bankının 20 milyon AZN həcmində 1 aylıq notları ortalama 7.86% gəlirliliklə yerləşdirilmişdir. 3 aylıq not hərracı isə hərrac zamanı investorlar tərəfindən təklif olunan sifarişlərin buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından baş tutmamışdır.
Qlobal bazar
- 29 noyabr tarixində ABŞ-da 3-cü rüb üzrə illik iqtisadi artım məlumatı yenilənib. Yenilənmiş məlumata əsasən ABŞ-da illik iqtisadi artım 3-cü rüb üzrə 5.2% olub. Xatırladaq ki, ilkin açıqlanmış məlumatda ABŞ-da 3-cü rüb üzrə illik ÜDM artımının 4.9% olduğu açıqlanmışdı və məlumatlar yenidən nəzərdən keçirildikdən sonra ÜDM artımının 5.0% açıqlanacağı gözlənilirdi.
- 8 dekabr tarixində ABŞ-da əsas məşğulluq göstəricilərindən biri olan qeyri-kənd təsərrüfatı sahələrində iş yerlərinin sayındakı artım məlumatı açıqlanacaq. Göstəricinin 150k-dan 180k-a artacağı gözlənilir. Həmçinin, eyni tarixdə açıqlanacaq işsizlik dərəcəsinin 3.9% qalacağı proqnoz edilir.
- Avrozonada oktyabr ayında işsizlik dərəcəsi dəyişməyərək 6.5% açıqlanıb.
- 7 dekabr tarixində Avrozonada iqtisadi artım məlumatı açıqlanacaq. 3-cü rübə əsasən illik 0.1% iqtisadi geriləmə proqnoz edilir.
- Rusiyada işsizlik dərəcəsi azalaraq 3.0%-dən 2.9%-ə düşüb. Gözləntilər işsizliyin artaraq 3.1% olacağı idi.
- 8 dekabr tarixində Rusiyada illik inflyasiya məlumatı açıqlanacaq. İnflyasiyanın artaraq 6.69%-dən 7.52%-ə artacağı gözlənilir.
- Türkiyədə iqtisadi artım sürətlənib. 30 noyabr tarixində açıqlanmış məlumatda Türkiyədə illik ÜDM artımının gözləntilərdən (5.3%) yüksək 5.9% açıqlanıb. Cari ilin 2-ci rübündə illik iqtisadi artım 3.8% idi.
- Noyabrda Türkiyədə illik inflyasiya da bir qədər sürətlənib. İstehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 61.36%-dən 61.98%-ə yüksəlib.
- OPEC+-un 30 noyabr iclasında neft hasilatının 2024-cü ildə azaldılacağı ilə bağlı razılıq əldə olunub. Ümumilikdə 2024-cü ilin birinci rübündə hasilatın gündəlik 2.2 milyon barel azaldılması barədə razılıq əldə olunub ki, bunun 1.3 milyon bareli Səudiyyə Ərəbistanı və Rusiyanın hazırda qüvvədə olan hasilat həcmini könüllü azaltmalarıdır. Gündəlik 900 min barel azaltma isə bazar üçün yeni məhdudiyyətlərin həcmidir.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.