"OPEC" neft hasilatını azaldır. Neftin qiyməti artacaq?!
Daxili bazar:
➢ Yerli bazarda dövlət qiymətli kağızlarının gəlirliliklərində artımlar davam etməkdədir. Ötən həftə AR Maliyyə Nazirliyinin 5 illik istiqrazlarının hərracı sentyabr ayına nəzərən 1%-dən çox artaraq 8.76% orta ölçülmüş gəlirliliklə nəticələnmişdir. Hərracda təklif 20 milyon AZN olsa da cəmi 14.4 milyon AZN sifariş yerləşdirilib.
➢ Həmçinin, oktyabr ayı üçün AR Maliyyə Nazirliyi istiqrazlarının emissiya planında qeyd edilib ki, bu ay əlavə olaraq 80 milyon AZN həcmində 3 illik və 15 milyon AZN həcmində 2 illik istiqraz emissiyası nəzərdə tutulub. Ən son 3 illik və 2 illik istiqraz hərracları müvafiq olaraq, 6.22% və 5.34% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi.
➢ AR Mərkəzi Bankı bu il 4 ay fasilədən sonra ilk dəfə 28, 84, 168 və 252 günlük not emissiyasını həyata keçirmişdir. Not hərracları ilə bağlı qaydalarda aşağıdakı dəyişikliklər edilib:
➢ Hərracın gedişi zamanı hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq (1 rəqabətli və 1 qeyri-rəqabətli) olmamalıdır;
➢ Bir bank tərəfindən verilmiş rəqabətli sifarişin nominal məbləği hərraca çıxarılmış notların həcminin 20%-dən artıq olmamalıdır və qeyri-rəqabətli sifarişinin həcmi rəqabətli sifarişinin həcminin 20%-dən artıq olmamalıdır;
➢ Sifarişlər üzrə qiymət diapazonu məhdudiyyəti tətbiq olunmur. Bundan öncə 28 günlük not hərraclarında bu məhdudiyyət tətbiq edilirdi;
➢ Hərrac zamanı təqdim edilən rəqabətli sifarişlərin sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.
➢ Qeyd edilən notların gəlirliliklərində təqribən 1.20%-1.40% artım müşahidə edilmişdir.
Xarici Bazarlar:
➢ 7 oktyabr tarixində ABŞ-da qeyri-kənd təsərrüfatı sahəsində məşğulluq məlumatı açıqlandı. Avqust ayına nəzərən (315 min) qeyri-kənd təsərrüfatında iş yerlərinin sayı azalaraq 263 min olmuşdur, lakin Bloomberg analitiklərinin gözləntiləri 255 min idi.
➢ 13 oktyabr tarixində ABŞ-da sentyabr ayının inflyasiya məlumatı açıqlanacaq, bir çox analitiklərin gözləntiləri inflyasiyanın 0.2% azalaraq 8.1% olması fonundadır.
➢ Ötən həftə Rusiya və Türkiyədə inflyasiya dərəcələri açıqlandı. İnflyasiya sentyabr ayında Rusiyada 14.30%- dən 13.68%-ə düşmüş, Türkiyədə isə 80.21%-dən 83.45%-ə yüksəlmişdir.
OPEC+ və neft qiymətləri
➢ OPEC+ son iclasında hasilatın gündəlik 2 milyon barel azaldılması ilə bağlı qərar vermişdir və bu qərardan sonra neftin qiymətinə dair proqnozlar yenidən dəyişdirilib. Bankların çoxu neft qiymətinin bu ilin sonuna 100$ üzərində olacağını proqnozlaşdırır. Böyük bankların analitikləri gələn il üçün olan neft qiymətləri proqnozlarını 5-10$ olaraq yuxarı doğru yeniləyiblər.
➢ Bloomberg-in məlumatına əsasən:
1. Morgan Stanley 2023-cü ilin 1-ci rübü üçün proqnozunu 5$ artıraraq neft qiymətinin 100$ olacağını qeyd edir. 2-ci, 3-cü və 4-cü rüblər üçün neft qiymətləri dəyişməz olaraq : 100$, 110$, 110$ səviyyəsində saxlanılıb.
2. Goldman Sachs bu ilin sonu üçün olan proqnozunu 10$ artıraraq bu ilin sonuna olacaq qiyməti 110$ olaraq proqnozlaşdırır.
3. UBS AG növbəti bir neçə rüb üçün neftin 100$ üzərində olacağını qeyd edir.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.