Daxili və Xarici Bazarlara Həftəlik Baxış
Daxili bazar
- Bu həftə, 21 iyun tarixində AR Mərkəzi Bankı pul siyasəti ilə bağlı növbəti qərarını verəcək. Faiz dəhlizinin parametrlərinə dair bu qərar faktiki və gözlənilən inflyasiyanın dinamikasının hədəfdən yayınma səviyyəsi, daxili və xarici inflyasiya riskləri nəzərə alınmaqla veriləcəkdir. Mərkəzi Bankın məlumatına əsasən, illik inflyasiya göstəriciləri və proqnozlarının davamlı olaraq azalması halında əvvəlcə pul siyasətinin sərtləşdirilməsi üzrə pauza götürüləcək, sonra isə onun normallaşdırılması, yəni azaldılması imkanları nəzərdən keçiriləcəkdir.
- May ayında Azərbaycanda deflyasiya qeydə alındı. İstehlak qiymətləri indeksi may ayında azalaraq 13.5%-dən 13.1%-ə düşmüşdür.
- Dövlət ortamüddətli istiqrazlarında gəlirliliklər artmaqda davam edir. Ötən həftə AR Maliyyə Nazirliyinin 5 illik istiqrazlarının hərracı 9.69% orta ölçülmüş və 10.15% kəsmə gəlirliliklə nəticələndi. May ayında 5 illik istiqraz hərracında orta ölçülmüş və kəsmə gəlirlilik, müvafiq olaraq, 8.71% və 9.15% olmuşdu.
- Bu həftə Maliyyə Nazirliyinin 2 illik istiqrazlarının hərracı keçiriləcək. Ən son 2 illik istiqraz hərracında tələb təklifi 4 dəfədən çox üstələmiş və hərrac 7.19% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi.
- May ayının sonundan etibarən AR Mərkəzi Bankının notlarında gəlirliliklər azalmağa başlayıb. Belə ki, son hərracda 1, 3, 6 və 9 aylıq notlarda gəlirlilik intervalı 7.56%-9.39% aralığından 6.19%-9.02% aralığına düşmüşdür. İyun ayından etibarən isə bu investisiya alətinə tələb artmışdır. İlin əvvəlindən may ayının sonunadək tələbin təklifə nisbəti ortalama 1.25 idi, hazırda isə bu nisbət 2-dən çoxdur.
Qlobal bazar
- Ötən həftə FED faiz qərarını açıqladı. Faizlər, iqtisadçıların da gözləntilərinə uyğun olaraq dəyişdirilməyərək 5.00%-5.25% aralığında saxlandı. Beləliklə, FED son 15 ayda ilk dəfə faiz dərəcələrini sabit saxlamağa qərar verdi. İclasda FED sədri inflyasiyanın yüksək qalacağı halında növbəti iclaslarda faiz dərəcələrini yenidən artırma ehtimallarının olmağını da vurğuladı.
- ABŞ-da inflyasiya azalaraq 4.9%-dən 4.0%-ə düşdü. Proqnozlar inflyasiyanın 4.1%-ə düşəcəyi istiqamətində idi. Bu, 2021-ci ilin mart ayından bəri ən aşağı səviyyədir.
- 29 iyun tarixində ABŞ-da ÜDM artım məlumatı açıqlanacaq. İqtisadi artımın sürətlənərək 1.3%-dən 1.4%-ə yüksələcəyi proqnozlaşdırılıb.
- Ötən həftə Avropa Mərkəzi Bankı da pul siyasəti ilə bağlı qərarını açıqlamış, əsas uçot dərəcəsini 3.75%-dən 4.00%-ə artırmışdır. Avropada inflyasiyanın yüksək olaraq qalması səbəbi ilə proqnozlar da AMB-nin faizləri artıracağı istiqamətində idi. Qeyd edək ki, Avropada inflyasiya may ayında 6.1% olub və bu, proqnozlar və əvvəlki göstərici ilə eynidir.
- 22 iyun tarixində Türkiyə Mərkəzi Bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Yüksək inflyasiya və Türk lirəsinin ABŞ dolları qarşısında yüksək dəyər itirməsi fonunda faizlərin 8.5%-dən 20.0%-ə qaldırılacağı gözlənilir. Xatırladaq ki, Türkiyədə may ayında inflyasiya 39.59% idi.
- Rusiyada iqtisadi geriləmə davam edir. 2023-cü ilin 1-ci rübündə Rusiya iqtisadiyyatı 1.8% geriləyib (gözləntilər 1.9% idi).
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.