Daxili və Xarici Maliyyə bazarında son yeniliklər
Daxili Bazar
- 1 fevral tarixində AR Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot faiz dərəcəsi 0.25% artırılaraq 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 9.5%-ə qaldırılmışdır. Bu qərar daxili və xarici mühitdə inflyasiyaya artırıcı və azaldıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilmişdir.
- AR Mərkəzi Bankının məlumatına əsasən, ümumilikdə illik inflyasiya azalmağa meyil göstərsə də onun proqnozlaşdırılan səviyyəsi hədəf göstəricisini üstələməkdə davam edir. Yenilənmiş proqnozlara görə baza ssenari üzrə fərziyyələr sabit qalarsa 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı gözlənilir.
- Pul siyasətinə dair növbəti qərarlar inflyasiyanın xarici və daxili amilləri üzrə potensial risklərin reallaşma dərəcəsindən asılı olaraq veriləcəkdir. Pul siyasәti ilə bağlı növbəti qərar barədə məlumat 2023-cü il mart ayının 29- da ictimaiyyətə açıqlanacaqdır.
- Ötən həftə 50 milyon AZN həcmində AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının hərracı keçirilmişdir. Hərracda tələb təklifi 3 dəfə üstələmiş, orta ölçülmüş gəlirlilik bundan öncəki hərracla müqayisədə 0.90 faiz bəndi artaraq 9.72% olmuşdur.
- Bu həftə 50 milyon AZN həcmində AR Maliyyə Nazirliyinin 1 illik istiqrazlarının hərracı keçiriləcək. Ötən dəfə 1 illik istiqraz hərracı 7.54% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi.
- Bu ay əlavə olaraq AR Maliyyə Nazirliyi 80 milyon AZN həcmində 3 illik və 40 milyon AZN həcmində 2 illik istiqrazlarının hərracını keçirməyi planlaşdırıb.
Qlobal bazar
- Ötən həftə ABŞ FED və Avropa Mərkəzi Bankı faiz qərarlarını açıqladılar. FED faiz artım sürətini azaldaraq və analitiklərin gözləntilərinə uyğun olaraq 0.25 faiz bəndi artım etdi və faizləri 4.25%-4.50% həddindən 4.50%- 4.75% həddinə çatdırdı. FED-in sədri Jerome Powell çıxışında inflyasiyanın azalsa da hədəf diapazonundan yuxarı olması fonunda faiz artımlarının davam edəcəyini bildirdi. Mart ayı iclasında da FED-in faizləri 0.25 faiz bəndi artıracağı gözlənilir. Xatırladaq ki, keçən ay ABŞ-da inflyasiya azalaraq 7.1%-dən 6.5%-ə düşmüşdü. ABŞ-da növbəti inflyasiya məlumatı 14 fevral tarixində açıqlanacaq.
- Avropa Mərkəzi Bankı faiz dərəcələrini 0.50 faiz bəndi artıraraq uçot dərəcəsini 2.50%-dən 3.00%-ə qaldırdı.
- Avropada İnflyasiya azalaraq 9.2%-dən 8.5%-ə düşüb. Bloomberg analitiklərinin gözləntisi 8.9% idi.
- 3 fevral tarixində ABŞ-da əsas məşğulluq göstəricilərindən biri olan qeyri-kənd təsərrüfatı sahəsində iş yerlərindəki dəyişiklik (change in nonfarm payrolls) məlumatı açıqlandı. Bu göstərici analitiklərin gözləntilərini əhəmiyyətli dərəcədə - təqribən 2.75 dəfə üstələmiş, 517k olmuşdur. Ötən ay bu göstərici 223k açıqlanmışdı və analitiklər bu ay 188k açıqlanacağını proqnozlaşdırmışdılar. ABŞ-da işsizlik 3.5%-dən 3.4%-dək azalmışdır. Bu məlumatların açıqlanmasından sonra səhm bazarlarında enmələr müşahidə olunmağa başladı.
- 3 fevral tarixində Türkiyədə inflyasiya açıqlanıb. İnflyasiya gözləntilərdən bir qədər yüksək (53.80%) və ötən aya (64.27%) nisbətən azalaraq 57.68% olub. Türkiyədə uçot dərəcəsi 9%-dir (ötən iclasda sabit saxlanılmışdı).
- 10 fevral tarixində Rusiyada inflyasiya və uçot dərəcəsi məlumatları açıqlanacaq. İnflyasiyanın azalaraq 11.94%- dən 11.63%-ə düşəcəyi və uçot dərəcəsinin dəyişdirilməyərək, 7.50% saxlanılacağı proqnoz edilir.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.