Maliyyə bazarında son baş verənlər
Daxili Bazar :
• AR Maliyyə Nazirliyinin istiqrazlarının gəlirliliklərində artım müşahidə edilməkdədir. 1 noyabr tarixində keçirilən 5 illik istiqraz hərracında orta ölçülmüş gəlirlilik 0.50%-dən çox artaraq 9.32% olmuşdur. Bu həftə AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının hərracı keçiriləcək. Keçən dəfə 3 illik istiqraz hərracı 7.49% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi.
• Ötən həftə AR Mərkəzi Bankının not hərraclarında gəlirlilik 3.79%-4.78% aralığında olmuşdur.
• Azərbaycanda oktyabr ayının inflyasiya məlumatı açıqlanıb. 2022-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-oktyabr aylarına nisbətən 13.7%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19.4%, qeyri-ərzaq məhsulları üzrə 7.9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.4% artıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1.6%, əvvəlki ilin oktyabr ayına nisbətən 15.6% yüksəlib. Xatırladaq ki, AR Mərkəzi Bankı faiz qərarı ilə bağlı son iclasında ilin sonuna inflyasiya proqnozlarını artırdıqlarını qeyd etmişdi.
• Ötən həftə Azərbaycan Mərkəzi Bankının Kapital bazarlarına nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov Azərbaycanda kapital bazarının inkişafına mühüm təsir edəcək məlumat açıqlayıb. O bildirib ki, Azərbaycanda özəl şirkətlər dövlət təminatlı istiqraz emissiya edərək vəsait cəlb edə biləcəklər. Bu məqsədlə hazırda müvafiq qaydalar hazırlanmaqdadır və 2023-cü ilin yanvar ayınadək istiqrazlara zəmanət verilməsi qaydaları təsdiq ediləcəkdir.
Xarici Bazarlar:
• ABŞ-da mühüm məşğulluq göstəricisi olan qeyri-kənd təsərrüfatı sahəsində iş yerlərindəki dəyişmə oktyabr ayı üçün gözləntilərdən müsbət açıqlanmışdır. Belə ki, Bloomberg analitikləri bu göstəricinin 193 min olacağını proqnoz etsələr də, faktiki göstərici 261 min olmuşdur.
• ABŞ-da illik inflyasiya 0.5% azalaraq 7.7%-ə düşmüşdür. Analitiklərin gözləntisi 7.9% idi.
• Türkiyədə illik inflyasiya artmış, 83.45%-dən 85.51%- ə yüksəlmişdir. Rusiyada isə illik inflyasiya analitiklərin gözləntilərinə əsasən təqribən 1% azalaraq 12.63% olmuşdur.
• Ötən həftənin ən yadda qalan anlarından biri də kritpovalyuta bazarında yarandı. Kriptovalyuta birjasında FTX Group, ABŞ-da iflas proseduru üçün müraciət etdiyini və Baş direktor Sam BankmanFried-in istefa verdiyini açıqlayıb. Bloombergin verdiyi məlumata əsasən 900 milyon dollar cari vəsaitlər qarşılığında şirkətin 9 milyard öhdəlikləri olub. Bu məlumat kriptovalyuta bazarını silkələyib və bu bazarda qiymət düşmələrinə səbəb olub. Hal-hazırda aidiyyəti qurumlar şirkətin fəaliyyətini araşdırır.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.