Birja nədir, necə işləyir və Birjanın hansı növləri var?

Birja nədir, necə işləyir və Birjanın hansı növləri var?

Birja milyonlarla investor, treyder və şirkətlərin maraqlarının kəsişdiyi mübadilə nöqtəsidir, qlobal iqtisadiyyatın mərkəzidir. Bu, səhm, istiqraz, əmtəə, xammal və kriptovalyuta kimi müxtəlif aktivlərin alqı-satqısının aparıldığı platformadır. Lakin birjanı yalnız alqı-satqının həyata keçirildiyi bir məkan kimi görmək yanlış olardı. Bura qlobal iqtisadiyyatın bir parçası olmaq istəyənlərin, risk edərək kapitalını artırmaq arzusunda olanların dünyasıdır.

Bəs birja necə işləyir?


Birjanın əsas iş prinsipi ondan ibarətdir ki, bütün əməliyyatlar vasitəçilər, yəni müştərilərin sifarişlərini yerinə yetirən brokerlər tərəfindən aparılır. Müasir birjalar əsasən elektron formada fəaliyyət göstərir ki, bu da səmərəli və sürətli ticarəti təmin edir. Həmçinin birja əməliyyatlarının təhlükəsizliyinə və şəffaflığına zəmanət verən ciddi tənzimləmə və nəzarət sistemləri mövcuddur. Bunun sayəsində investorlar bazar proseslərinin ədalətliliyinə əmin ola bilərlər.

Hansı birjalar var?


Birjaların təsnifatı alqı-satqı edilən aktivlərə və onların fəaliyyət mexanizmlərinə əsaslanır. Fond birjası şirkətlərin səhm, istiqraz və digər qiymətli kağızları almağa və satmağa imkan verən ən məşhur birja növlərindən biridir. Əmtəə birjası – neft, qızıl, kənd təsərrüfatı məhsulları kimi fiziki aktivlərin dünyasıdır. Valyuta birjalarında isə dollar, avro, yen və digər dünya valyutalarının ticarəti aparılır. “Bitcoin” və “Ethereum” kimi rəqəmsal aktivlərin ticarətinin aparıldığı kriptovalyuta birjaları da son illərdə populyarlıq qazanır və rəqəmsal maliyyə dünyasında investorlar üçün yeni imkanlar yaradır. “Birjanın hansı növləri var?” sualının cavabı olaraq qısaca aşağıda qeyd edilən növləri sadalamaq olar:

  • Fond birjası
  • Əmtəə birjası
  • Valyuta birjası
  • Kriptovalyuta birjası

Fond birjası nədir və necə işləyir?


Fond birjası səhm və istiqrazlar kimi qiymətli kağızların alqı-satqısının həyata keçirildiyi əsas maliyyə platformasıdır. Onun başlıca vəzifəsi şirkətlərə kapital artırmaq, investorlara isə yatırımlarından gəlir əldə etmək imkanı verməkdir. Sözügedən birja növü ticarət prosesini tənzimləyən qaydalara uyğun fəaliyyət göstərir. Burada səhm və istiqrazın qiyməti tələb və təklifin qarşılıqlı əlaqəsi ilə müəyyən edilir. İnvestor qiymətli kağızları almaq istədiyi zaman birjada onu icra edən broker vasitəsilə sifariş verir. Alıcının təklif etdiyi qiymət satış qiymətinə uyğun gələrsə, əməliyyat həyata keçirilir. Birjalar fiziki (məsələn, Nyu-York Fond Birjası) və ya elektron (məsələn, NASDAQ) ola bilər. Müasir dünyada yüksək sürətli əməliyyatların icrasını və real vaxt rejimində qlobal bazarlara çıxışı təmin edən elektron birjalar aparıcı rol oynayır.

Fond birjasında iki əsas bazar növü mövcuddur: ilkin və təkrar. İlkin bazarda şirkətlər öz səhmlərini ilk dəfə IPO (İlkin Kütləvi Yerləşdirmə) vasitəsilə açıq satış üçün yerləşdirirlər. Təkrar bazarda isə ilkin bazarda buraxılmış səhmlər yenidən satılır. İlkin Kütləvi Yerləşdirmə haqqında ətraflı məlumat almaq üçün mövzu barədə daha öncə hazırladığımız məqalə ilə tanış ola bilərsiniz:

IPO (Initial Public Offering) - İlkin Kütləvi Yerləşdirmə nədir və necə keçirilir?

Fond birjasının əsas iştirakçıları aşağıda qeyd olunanlardır:

  • Emitent – öz kapitalını artırmaq üçün səhm buraxan şirkət;
  • İnvestor - qiymətli kağızların alqı-satqısını həyata keçirən fiziki və ya hüquqi şəxs;
  • Broker - investorlarla birja arasında vasitəçi;
  • Tənzimləyici - qanunlara riayət olunmasına və ticarət əməliyyatlarının şəffaflığına nəzarət edən hökumət və ya maliyyə orqanı.

Əmtəə birjası nədir və necə işləyir?


Əmtəə birjası neft, qiymətli metallar, qəhvə, taxıl və digər fiziki məhsulların və xammalın ticarəti üzrə ixtisaslaşmış platformadır. Səhmlərin və istiqrazların ticarət edildiyi fond birjalarından fərqli olaraq, əmtəə birjası real aktivlərin alqı-satqısı üçün nəzərdə tutulub. Sözügedən birja növü qiymət risklərinin idarə olunması və təchizat zəncirlərinin səmərəli fəaliyyətinin təminatı üçün çox vacib hesab olunur. Əmtəə birjaları iki əsas funksiyanı özündə cəmləyir: şirkətlərə əmtəə qiymətlərini təyin etmək, treyderlərə isə aktivlərin qiymət dalğalanmalarından mənfəət əldə etmək üçün geniş imkanlar təqdim edir.

Əmtəə birjası fyuçers müqaviləsi və məhsulların tədarükü müqaviləsi əsasında fəaliyyət göstərir. Fyuçers müqaviləsi gələcəkdə müəyyən bir miqdarda əmtəənin sabit qiymətə alınması və ya satılması haqqında müqavilədir. Bu alət qiymət dəyişikliyi ilə bağlı riskləri hedcinq etməyə imkan verir. Məsələn, taxıl istehsalçısı fyuçers müqaviləsini sata bilər və bununla da qiyməti sabit saxlaya və gələcəkdə mümkün olan qiymət enişindən özünü qoruya bilər. Onu da əlavə etmək lazımdır ki, fyuçers bazarları ilə yanaşı, spot bazarları da var. Spot bazarında əmtəələr dərhal çatdırılma şərti ilə satılırsa, fyuçers bazarında əməliyyatlar gələcəkdəki tarixlər üçün aparılır. Bu mexanizm kənd təsərrüfatı və enerji kimi yüksək qiymət dəyişkənliyi olan sektorlarda fəaliyyət göstərən şirkətlər üçün önəmlidir.

Qiymətli metallar və qiymətli daşlar birjası nədir və necə işləyir?


Qiymətli metallar və qiymətli daşlar birjası qızıl, gümüş, palladium, platin və almaz kimi fiziki aktivlərin ticarətinin həyata keçirildiyi əmtəə birjasının bir növüdür. Qiymətli metallar və daşlar həm sənaye, həm də investisiya strategiyalarının vacib elementləri olduğu üçün bu növ birjalar qlobal iqtisadiyyatda mühüm rol oynayırlar. Adıçəkilən birja növü digər əmtəə birjalarının təməl prinsiplərinə əsasən işləyir.

Digər əmtəə birjalarında olduğu kimi, burada da bazar iştirakçıları yalnız dərhal çatdırılma (spot bazar) üçün deyil, həm də fyuçers müqavilələri vasitəsilə gələcək üçün sövdələşmələr bağlaya bilərlər. Məsələn, sənaye müəssisələri və zərgərlik şirkətləri qiymətli metal və daşların qiymətlərini öncədən təyin edərək, gələcəkdə ola biləcək qiymət dəyişikliklərindən özlərini sığortalaya bilərlər.

Qiymətli metallar və qiymətli daşlar birjası yüksək likvidliyə malikdir. Bu iştirakçılara qiymətdə əhəmiyyətli dəyişikliklər olmadan aktivləri tez bir zamanda almağa və satmağa imkan verir. Qızıl və gümüş kimi qiymətli metallar nisbətən daha təhlükəsiz aktivlər hesab olunurlar və iqtisadi qeyri-müəyyənlik dövründə investorlar arasında xüsusi populyarlıq qazanırlar. Lakin onu da qeyd edək ki, bu bazarlarda yüksək volalitlik mövcuddur, bu da birja iştirakçılarından riskləri idarə etmə bacarıqları tələb edir.

Qiymətli metallar birjası beynəlxalq səviyyədə ciddi şəkildə tənzimlənir. Qızıl və gümüş üçün keyfiyyət standartları müəyyən olunur, aparılan əməliyyatların şəffaflığına nəzarət edilir.

Kriptovalyuta birjası nədir və necə işləyir?


Kriptovalyuta birjası bazar iştirakçıları arasında kriptovalyutaların alışı, satışı və mübadiləsi üçün nəzərdə tutulmuş rəqəmsal platformadır. Bu, “Bitcoin” (BTC), “Ethereum” (ETH) və digər altkoinlər kimi kriptovalyutaların alıcı və satıcılarının görüşdüyü elektron bazardır. Ənənəvi birjalardan fərqli olaraq, kriptovalyuta birjası 24/7 işləyir.

Kriptovalyuta birjalarının iki əsas növü mövcuddur: mərkəzləşdirilmiş (CEX) və mərkəzləşdirilməmiş (DEX).

Mərkəzləşdirilmiş kriptovalyuta birjası istifadəçi aktivlərinin qoruyucusu kimi çıxış edən mərkəzləşdirilmiş təşkilatlar tərəfindən idarə olunur. Belə birjaların üstünlükləri yüksək likvidlik və rahat interfeysdir. Mənfi cəhəti isə haker hücumlarına qarşı həssas olmasıdır. Nümunə olaraq “Binance”, “FTX” və “Bitfinex” platformalarını göstərmək olar. Mərkəzləşdirilməmiş kriptovalyuta birjası smart-müqavilələr əsasında işləyir və bir məkrəzdən idarə olunmur. İstifadəçilər öz aktivləri ilə birbaşa özləri əməliyyat aparırlar, bu da ki məxfilik və nəzarəti daha da gücləndirir. “Uniswap” və “PancakeSwap” kimi platformalarda gizlilik qorunsa da, bu cür birjalar daha az likvidliyə və nisbətən daha çətin interfeysə malik olurlar.

Kriptovalyuta birjasında ticarət bir neçə əsas mərhələdən ibarət olur:

  • - Hesabın yaradılması (Qeydiyyat və verifikasiya prosesi)
  • - Balansın artırılması
  • - Sifariş yerləşdirərək ticarət aparmaq
  • - Pozisiyanı bağlamaq.

Dünyanın ən böyük birjası hansıdır?

Cari ilin məlumatlarına əsasən, dünyanın ən böyük birjası ABŞ-nin Nyu-York şəhərində yerləşən Nyu-York Fond Birjasıdır (NYSE). Onun bazar kapitallaşması təxminən 28,42 trilyon dollar təşkil edir. Bu, Nyu-Yorkda yerləşən digər aparıcı birja olan NASDAQ-ın kapitallaşmasından (25,43 trilyon dollar) 3 trilyon daha çoxdur. Bu iki birja birlikdə qlobal bazar kapitallaşmasının 42%-ni təşkil edir.

Məşhur Voll-Stritdə mövqeləşən Nyu-York Fond Birjası 1792-ci ildə yaradılıb. Həmin zamandan bəri sözügedən birja bazar kapitallaşması üzrə, yəni bazarda ticarəti aparılan səhmlərin ümumi dəyəri üzrə dünyanın ən nəhəng birjasına çevrilməyi bacarıb. İnvestorları bu birjaya cəlb edən əsas məqam Apple, Microsoft, Coca-Cola və Amazon kimi dünyanın ən böyük şirkətlərinin səhmdarı olmaq imkanıdır.

NYSE-nin əsas xüsusiyyətlərindən biri onun ciddi listinq sisteminin olmasıdır ki, bu da birjadakı şirkətlərin yüksək keyfiyyətə malik olmalarını təmin edir. Səhmlərin ticarətinə icazə verilməzdən öncə, şirkətlər müəyyən maliyyə və hüquqi tələblərə cavab verməlidirlər. Bu, investorların Nyu-York Fond Birjasına olan güvənini artırır və onu xüsusi cəlbedici edir. Lakin onu da qeyd etmək lazımdır ki, Nyu-York Fond Birjası yalnız səhmlər üzərində qurulmayıb. O, törəmə alətlər, istiqrazlar və hətta kriptovalyutalarla ticarəti fəal şəkildə inkişaf etdirir. Bütün bunlar onu maliyyə dünyasında innovasiya mərkəzinə çevirir.

İnvestorlar niyə birjaya yatırım edir?


İnvestisiyalar getdikcə daha çox insanın marağına səbəb olur. Bəs yatırımcıların kapitalın artırılmasının digər üsullarından məhz birjaya üstünlük vermələrinin səbəbi nədir? Gəlin bu maraqlı qrafiklər və dinamik dəyişikliklər dünyasına olan meylin əsas səbəbləri barəsində danışaq:

  1. Yüksək gəlir potensialı

İnvestorları birjaya cəlb edən ilk şey qazanc əldə etmək imkanıdır. Sabit faiz dərəcəsi olan bank əmanətlərindən fərqli olaraq, birjada daha yüksək gəlir əldə etmək imkanı var. Xüsusən də perspektivli şirkətlərin səhmlərinə və ya yeni texnologiyalara yatırım edilən zaman. Təbii ki, bununla bağlı risklər də var, lakin bazarı təhlil edən və uzunmüddətli strategiya formalaşdıran investorlar çox vaxt yatırımın müsbət nəticəsini görürlər.

  1. İnformasiyanın əlçatanlığı və şəffaflığı

Birja bazarı şəffaf qaydalar əsasında işləyir, şirkətlər və onların maliyyə göstəriciləri haqqında məlumat isə istənilən investor üçün əlçatandır. Bütün kotirovkalar, hesabatlar və xəbərlər barəsində onlayn məlumat tapıla bilər ki, bu da əsaslı qərarlar qəbul etməyə imkan verir. Birja hər kəs üçün bərabər şərtlər təklif edir.

  1. Risklərin diversifikasiyası

Birja səhm, istiqraz, kriptovalyuta, qızıl kimi müxtəlif aktivlərə pul yatırmaq imkanı verir. Bu, riskləri azaltmağa kömək edir: əgər bir sektor düşüş yaşayarsa, digəri artım nümayiş etdirə bilər və bu da ümumi nəticələrin tarazlaşdırılması üçün fayda verər.

  1. İnflyasiyadan müdafiə

İnflyasiya əmanətlərin gizli düşmənidir. Zaman ötdükcə pul alıcılıq qabiliyyətini itirir. Bu səbəbdən də onu sadəcə olaraq hesabda saxlamaq sərfəli olmur. İnvestorlar birjaları öz vəsaitlərini inflyasiyadan qorumaq üçün bir vasitə kimi istifadə edirlər. İnflyasiya ilə yanaşı, səhmləri əldə olunan şirkətin qiyməti də artır, bu da kapitalın qorunmasına və artırılmasına kömək edir.

  1. Maliyyə azadlığı

İnsanların birjaya pul yatırmasının əsas səbəblərindən biri də maliyyə azadlığı arzusudur. Sərmayə yatırmaqla və kapitalı məharətlə idarə etməklə, bir gəlir mənbəyindən asılı olmursunuz və passiv gəlir əldə edə bilirsiniz.

İnvestisiya barəsində daha ətraflı məlumat almaq üçün “Unicapital”ın Treydinq məktəbinə qatıla, özünüzə uyğun təlimi seçə bilərsiniz.

Yeni başlayanlar üçün birjalar haqqında bilinməsi gərəkənlər nələrdir?


Maliyyə dünyasında tez-tez eşitmək olar ki, birja mürəkkəb qrafikləri başa düşən və iqtisadiyyatı peşəkar səviyyədə bilən insanlar üçündür. Əslində isə birjada investisiya etmək hər kəs üçün əlçatandır. Bu sahədə ilk addımlarını atan şəxslər birja haqqında aşağıdakı önəmli məqamlara diqqət yetirməlidirlər:

  • Bir çox insanlar birjanın yalnız şirkət səhmlərinin alqı-satqısı ilə əlaqəli olduğunu düşünürlər. Lakin bu, aysberqin yalnız görünən tərəfidir. Birjada müxtəlif aktivlərə investisiya etmək olar: valyuta, neft, qızıl, kriptovalyuta, qiymətli daşlar.
  • İnvestisiyanın olduğu yerdə, risklərin də olduğunu unutmamaq lazımdır. Bu səbəbdən də əsas qaydalardan biri bütün pulunuzu bir aktivə yatırmamaqdır. Diversifikasiya (müxtəlif aktivlər arasında vəsaitlərin bölüşdürülməsi) riskləri azaltmağa kömək edir. Bir aktiv dəyərini itirirsə, digəri bunu kompensasiya edə bilər.
  • Yeni başlayanlar nadir hallarda özləri birjaya giriş edə bilirlər. Bunun üçün vasitəçi yəni, broker lazım olur. Brokerlər aktivlərin alına və satıla biləcəyi platformalar təqdim edir, həmçinin investisiya alətlərinin seçilməsi ilə bağlı məsləhətlər verir. Doğru broker seçimi yeni başlayanlar üçün vacib addımdır.

Belə nəticəyə gələ bilərik ki, birja müxtəlif aktivlərin alqı-satqısının aparılması üçün dinamik mühit təşkil edən maliyyə sisteminin mühüm elementidir. Əmtəə birjası qiymət şəffaflığını və sabitliyini təmin edərək, bazar iştirakçılarına əmtəə mübadiləsi aparmağa imkan verir. Qiymətli metallar və qiymətli daşlar birjası isə investorlara iqtisadi qeyri-müəyyənlik dövründə investisiyalarını qorumaq üçün etibarlı seçim təqdim edir. Kriptovalyutanın meydana gəlməsi ilə ticarət dünyası əhəmiyyətli dərəcədə dəyişdi, investisiya və spekulyasiya üçün yeni üfüqlər açıldı. Bu innovativ aktivlər günü-gündən daha çox diqqət cəlb edir və treyderlərə blokçeyn texnologiyasından yararlanmağa imkan verir.

Sonda onu da qeyd edək ki, hər bir birja növünün özünəməxsus xüsusiyyətləri və riskləri mövcuddur. Uğur qazanmaq üçün mütləq şəkildə bazar proseslərini dərk etmək, cari tendensiyaları araşdırmaq vacibdir. Bu səbəbdən də birjaya daxil olmazdan öncə bütün riskəri öyrənərək hərtərəfli araşdırma aparmağınızı tövsiyə edirik.

Birjanın nə olduğunu və necə işlədiyini bildikdən sonra, investisiya dünyasına ilk addımı atmağın tam vaxtıdır! “Unicapital”ın təqdim etdiyi geniş xidmətlər sayəsində, siz də investorların sırasına qatılın!

I want to work with you

All Applications and CVs must be directed to [email protected]

Thank You!

Your form has been succesufully send

Birja nədir, necə işləyir və Birjanın hansı növləri var?

Thank You!

Your form has been succesufully send

Birja nədir, necə işləyir və Birjanın hansı növləri var?

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Birja nədir, necə işləyir və Birjanın hansı növləri var?

Thank You!

Your form has been succesufully send