İstiqraz nədir, hansı növləri var? Necə istiqraz almaq olar?

İstiqraz nədir, hansı növləri var? Necə istiqraz almaq olar?

İstiqrazlar etibarlılığı ilə investorları cəlb edən və ən çox ticarət olunan maliyyə alətlərindən biridir. Onlar korporativlər və ya dövlət qurumları tərəfindən kapitalın artırılması məqsədilə buraxılan qiymətli kağızlardır. İstiqraza yatırım edən investor faiz şəklində müntəzəm ödənişlər, müddətin sonunda isə istiqrazın nominal dəyərinin tam məbləğini geri ala bilir. Bu alət nisbətən aşağı risklərə üstünlük verən və kapitalını qorumaq istəyənlər arasında populyardır. Bu bloqda istiqraz nədir, istiqrazın hansı növləri var, istiqraz necə alınıb-satılır mövzuları barəsində ətraflı danışacağıq.

Necə istiqraz almaq olar? İstiqraz almağın üstünlükləri nələrdir?


Azərbaycanda istiqraz almaq prosesi investisiya dünyasına addım atmaq istəyən hər kəs üçün əlçatandır. Bunun üçün ilk növbədə ölkədə fəaliyyət göstərən lisenziyalı broker və ya bankda investisiya hesabı açmalısınız. Bundan sonra istiqrazları onların növünə, gəlirliliyinə, ödəmə tarixinə və emitentin reytinqinə əsasən seçməlisiniz. Seçim etdikdən sonra razılaşmanı təsdiqləyirsiniz və istiqrazlar portfelinizə əlavə olunur. Alış brokerin ticarət platforması üzərindən həyata keçirilir.

İstiqrazların bir sıra üstünlükləri var. Üstünlüklərdən biri kupon ödənişləri şəklində sabit gəlirdir. Digər üstünlük kimi isə onu qeyd etmək olar ki, Azərbaycanın dövlət orqanlarının və iri şirkətlərinin istiqrazları yüksək etibarlılığı ilə seçilir ki, bu da riskləri azaldır. Həmçinin istiqrazlar investisiya portfelinizi diversifikasiya etməyə kömək edir, bu da qeyri-stabilliyi minimuma endirmək üçün vacibdir. Digər bir üstünlük - uzunmüddətli maliyyə planlaşdırması imkanıdır, çünki sözügedən qiymətli kağızların gəlirlilik şərtləri əvvəlcədən məlumdur. Qısacası, etibarlı investisiya aləti axtaranlar üçün istiqrazlar kapitalı qorumaq və sabit gəlir əldə etmək üçün əla seçimdir.

Emitent nədir və ya istiqrazların emitenti kimdir?


Emitent vəsait cəlb etmək üçün qiymətli kağızlar, o cümlədən istiqrazlar buraxan təşkilat və ya dövlət qurumudur. Mahiyyət etibarilə, emitent investorlardan borc götürür və emissiyanın şərtlərindən asılı olaraq faiz və ya digər gəlirləri gələcəkdə ödəmək öhdəliyini üzərinə götürür. İnvestorlar istiqraz almaqdan öncə emitenti diqqətlə araşdırmalı, onun etibarlılığını, maliyyə sabitliyini və nüfuzunu dəyərləndirməlidirlər. Bu, riskləri minimuma endirməyə və investisiyaları daha təhlükəsiz etməyə kömək edir.

İstiqrazların hansı növləri var?


İstiqrazın bir çox növü var və hər biri özünəməxsus xüsusiyyətlərə malikdir. Bu investisiya alətini daha yaxşı başa düşmək üçün əsas təsnifatlara nəzər salaq.

Emitent üzrə: dövlət istiqrazları və korporativ istiqrazlar.

Dövlər istiqrazları nədir?


Dövlət istiqrazı dövlət büdcəsindən maliyyələşəcək layihələrin həyata keçirilməsi üçün dövlət tərəfindən buraxılır. Onlara dövlət tərəfindən zəmanət verildiyi üçün ən etibarlı sayılırlar.

Korporativ istiqrazlar nədir?


Korporativ istiqraz şirkətlər tərəfindən kapitalının artırılması üçün buraxılır. Onların üstün cəhəti gəlirliyinin daha çox olmasıdır. Azərbaycanda bu istiqraz növünə nümunə olaraq SOCAR istiqrazlarını göstərmək olar. Korporativ istiqrazlara aid edilən digər istiqraz növü isə bankların tədavülə buraxdığı istiqrazlardır.

Bank istiqrazı nədir?


Bank istiqrazları kommersiya bankları tərəfindən vəsait cəlb etmək üçün buraxılan qiymətli kağızlardır. Bank istiqrazları investorlar üçün cəlbedicidirlər, çünki banklar nisbətən etibarlı emitentlər hesab olnurlar, xüsusilə iri və bazarda öz mövqeyini möhkəmləndirmiş banklar. Banklar həm öncədən müəyyən edilmiş faiz dərəcəli gəliri olan, həm də bazar şəraitindən asılı olaraq dəyişkən gəlirli istiqrazlar təklif edə bilərlər. Birinci nümunədə investor stabil gəlir əldə edir, ikinci nümunədə isə bazar vəziyyəti ilə əlaqədar ya daha çox qazana, ya da daha az gəlir əldə edə bilər.

Gəlir növünə görə: kuponlu istiqrazlar, müddətsiz istiqrazlar və diskontlu (güzəştli, endirimli) istiqrazlar.

Kupon istiqrazları nədir?


Kupon istiqrazları investorları müntəzəm faiz ödənişləri (kupon ödənişləri) ilə təmin edən istiqrazlardır. Bu ödənişlər əvvəlcədən müəyyən edilmiş tarixlərdə (məsələn, rüblük və ya illik) həyata keçirilir, müddətin sonunda isə istiqraz nominal dəyəri ilə geri alınır. Məsələn, nominal dəyəri 1000 AZN olan istiqrazı 11% kuponla almısınızsa, hər il 110 AZN, müddətin sonunda isə 1000 AZN alacaqsınız.

Müddətsiz istiqrazlar nədir?


Müddətsiz istiqrazlar öncədən müəyyən edilmiş ödəmə tarixi olmayan istiqrazlardır. Onlar çox uzun müddətlik (bəzi hallarda qeyri-müəyyən müddətə) olurlar. Adıçəkilən istiqraz üzrə gəlir yalnız kupon şəklində ödənilir. Məsələn, siz müddətsiz istiqraz əldə edirsiniz və buna görə hər rüb faiz alırsınız. Lakin emitent onu geri almaq qərarına gəlməyənə kimi istiqraz məbləğinin özünü (məsələn, 1000 AZN) geri almayacaqsınız.

Diskontlu (güzəştli və ya endirimli) istiqrazlar nədir?


Diskontlu istiqrazlar nominal dəyərindən aşağı qiymətə satılan istiqrazlardır. Məsələn, siz 1000 AZN nominallı istiqraz alırsınız, amma onun bazardakı qiyməti 900 AZN-dir. Bu istiqrazlar üzrə kupon ödənişləri həm ola, həm də olmaya bilər. İnvestor əsas gəliri alış qiyməti (900 AZN) ilə geri qaytarılma məbləği (1000 AZN) arasındakı fərqdən əldə edir.

Təminat növü üzrə:

Təmin edilmiş və təmin edilməmiş. Birincisi emitentin aktivləri ilə təmin edilir ki, bu da investor üçün riski azaldır. İkinci növ isə yalnız emitentə olan etibara əsaslanır.

Valyuta növü üzrə:

Xarici valyutada emissiya edilən istiqrazlar, məsələn dollar istiqrazları və yerli valyutada emissiya edilən manat istiqrazları.

Mütdətinə görə istiqrazların hansı növləri var?


Müddətə görə istiqrazlar üç qrupa ayrılır:

  1. - Qısamüddətli istiqrazlar (1 ilə qədər) investisiyadan tez gəlir əldə etmək istəyənlər üçün uyğundur.
  2. - Ortamüddətli istiqrazlar (1 ildən 5 ilə qədər) gəlir və risk arasında balans qurmaq istəyənlər üçün maraq yarada bilər.
  3. - Uzunmüddətli istiqrazlar (5 ildən çox) uzunmüddətli planlaşdırma və sabit gəlir əldə etmək üçün əlverişlidir.

İstiqrazların gəlirliliyi necə hesablanır?


İstiqrazın nominal dəyəri istiqraz geri alındıqda investorun alacağı məbləğdir. İstiqrazı nominal dəyəri üzrə ilkin yerləşdirmə zamanı əldə etmək olar. İstiqrazın nominal dəyəri təkcə manatla deyil, həm də başqa valyutada, məsələn, dollarla ifadə edilə bilər. İstiqraz almaqla yanaşı, istiqraz satmaq da mümkündür. Belə ki, ilkin yerləşdirmədən sonra investorlar birjada bir-birlərinə istiqrazları yenidən sata bilərlər. Birjada satılan istiqrazların qiyməti nominal dəyərdən fərqlənə bilər. Məsələn, nominal dəyəri 1000 AZN olan istiqrazı birjada 900 AZN-ə almaq olar.

İstiqrazın tədavül müddəti bitdikdə, emitent şirkət onun nominal dəyərini investora geri qaytarır. Bu proses “istiqraz üzrə öhdəliyin yerinə yetirilməsi” adlanır.

İstiqrazlardan kupon ödənişləri vasitəsilə və ya istiqrazların bazar dəyəri artdıqda gəlir əldə etmək mümkündür.

Kupon ödənişi:

Məsələn, emitent sabit kupon ödənişi ilə istiqrazlar buraxır. İstiqrazın nominal dəyəri 1000 AZN, müddəti 5 ildir. Kupon gəliri illik 10% - yəni 100 AZN-dir. Kupon ödənişinin isə rüblük olduğunu təsəvvür edək. Yəni ödəniş qrafiki ildə dörd dəfə 25 AZN olmaqla müəyyən edilir. İnvestor belə bir istiqraz alıb və tədavül müddətinin sonuna kimi saxlayarsa, 5 ilin sonunda o, 500 AZN və ya ilkin investisiyanın 50%-ni təşkil edən gəlir əldə edəcək.

Əgər siz istiqrazı ilkin yerləşdirmədə deyil, təkrar yerləşdirmə zamanı birjadan alırsınızsa, o zaman bilməlisiniz ki, onların qiyməti tələb və təklifin qarşılıqlı əlaqəsindən asılıdır. Buna görə də belə istiqrazların gəliri kupon gəlirinə bərabər olmur.

Məsələn, siz nominal dəyəri 1000 AZN olan istiqrazı 900 AZN-ə almısınız. Bu istiqraz 5 illikdir və illik faiz dərəcəsi 10%-dir. 5 il ərzində siz 500 AZN kupon gəliri əldə edəcəksiniz və üstəlik istiqraz qiyməti ilə nominal dəyər arasındakı fərqdən daha 100 AZN qazanacaqsınız. Ümumilikdə, gəliriniz 600 AZN olacaq, bu da investisiyanızın 66,6%-ni təşkil edir.

İstiqraz və səhmin fərqi nədir?


Səhm və istiqraz arasındakı fərqi aşağıdakı cədvəldən daha rahat şəkildə başa düşmək olar:

İstiqraz və səhmin fərqi nədir?
MeyarIstiqrazSəhm
İnvestisiyanın mahiyyətiBorc alətidir. Sizin emitentin kreditoru qismində çıxış edirsinizPay alətidir. Siz şirkətin səhmdarı olursunuz
GəlirlilikSabit kupon ödənişləriDividendlər (əgər ödənilirsə) və səhmin bazar qiymətinin artması
RiskAşağı riskli. Əsas risklər: emintentin defoltu və ya inflyasiya səbəbindən real gəlirliyin azalmasıNisbətən daha riskli. Əsas risklər: qiymət volatilliyi və şirkətin müflis olması
İnvestorun hüququİnvestorun şirkətə aid qərarlarda səsvermə hüququ olmurİnvestorun şirkətə aid səsvermə və mənfəətin bölüşdürülməsində iştirak hüququ ola bilər
İnvestisiya müddətiÖncədən müəyyən edilirİnvestisiya müddəti olmur. Səhmlər istənilən vaxt alınıb-satıla bilər

Səhm və səhm bazarı ilə bağlı ətraflı məlumat almaq istəyənlər, daha öncə paylaşdığımız “Səhm nədir? Stock Market-də şirkət səhmləri necə alınıb-satılır?” mövzusuna keçid edə bilərlər.

İstiqrazlara investisiya etmək risklidirmi?


İstiqraz almaq investisiya etməyin ən sabit və təhlükəsiz yollarından biri hesab olunur. Bu qiymətli kağızlar nə qədər də aşağı riskə malik olsalar da, onlar da bəzi hallarda riskə məruz qala bilirlər. Əsas risk istiqraz emitentinin öz öhdəliyini yerinə yetirə bilmədiyində yaranan riskdir. Lakin dövlət istiqrazlarını və ya böyük, nüfuzlu şirkətlərin buraxdığı yüksək reytinqli istiqrazları seçməklə siz bu riskin ehtimalını əhəmiyyətli dərəcədə azalda bilərsiniz. Həmçinin faiz dərəcəsi ilə bağlı da risk mövcuddur. Bununla belə stabil faiz dərəcəsinə malik istiqraz almaqla bunu önləmək olar. Həmçinin real gəlirə təsir edə biləcək inflyasiya riskini də nəzərə almağa dəyər. Unutmamaq lazımdır ki, portfelinizi diversifikasiya etməklə və düzgün istiqrazı almaqla riski minimuma endirib, təhlükəsizlik və mənfəət arasında tarazlığı qoruyaraq gəlir əldə etmək olar.

Yaşıl maliyyə istiqrazı nədir?


Yaşıl istiqrazlar ekoloji cəhətdən təmiz layihələrin maliyyələşdirilməsi üçün buraxılan qiymətli kağızlarıdır. Adi istiqrazlardan fərqli olaraq, yaşıl istiqrazlar vasitəsilə toplanan vəsaitlər yalnız dayanıqlı inkişafı və ətraf mühitin mühafizəsini təşviq edən layihələr üçün istifadə edilməlidir. Bunlar enerji səmərəliliyinin artırılması, su ehtiyatlarının qorunması, çirklənmənin qarşısının alınması, təmiz nəqliyyatla bağlı layihələr ola bilər. Yaşıl istiqraz emitentlərindən investorlara vəsaitlərin necə istifadə ediləcəyi barədə ətraflı məlumat vermələri və layihələrin gedişatı haqqında mütəmadi olaraq hesabat təqdim etmələri tələb olunur. Yaşıl istiqraz gəlir əldə edərkən planetin gələcəyinə investisiya etmək istəyən investorlar üçün maraqlı maliyyə aləti hesab olunur.

Azərbaycanda beynəlxalq yaşıl maliyyə standartlarına uyğun ilk istiqrazların buraxılışı haqqında linkə keçid edərək daha ətraflı məlumat əldə edə bilərsiniz.

İstiqrazlar həm yeni başlayanlar, həm də təcrübəli investorlar üçün uyğun olan etibarlı və universal investisiya alətidir. Sözügedən qiymətli kağız növü məqsədlərinizdən asılı olaraq müxtəlif seçimlər təklif edərək, sizi sabit gəlirlə təmin edir. Sadə mexanizm və sabit ödənişlər istiqrazları cəlbedici alətə çevirir. Bank istiqrazları, BOKT istiqrazları, yaşıl istiqrazlar və ya dövlət istiqrazları - hər kəsin investisiya portfeli üçün uyğun alət var. İnvestisiyalarınız üçün sabit zəmin yaratmaq və ya mövcud portfeli diversifikasiya etmək istəyirsinizsə, istiqrazlar əla seçimdir.

İstər bu sahəyə yeni başlamısınız, istərsə də portfelinizi genişləndirmək üçün həllər axtarışındasınız, biz maliyyə dünyasında sizin etibarlı bələdçiniz olmağa hazırıq.

İnvestisiyalarınızı peşəkarlara etibar edin və hədəflərinizə çatın!

Ətraflı məlumat üçün sorğu göndərin

Təşəkkürlər

Sorğunuz uğurla göndərildi

İstiqraz nədir, hansı növləri var? Necə istiqraz almaq olar?

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İstiqraz nədir, hansı növləri var? Necə istiqraz almaq olar?

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İstiqraz nədir, hansı növləri var? Necə istiqraz almaq olar?

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi