Səhm nədir? Stock Market-də şirkət səhmləri necə alınıb-satılır?

Səhm nədir? Stock Market-də şirkət səhmləri necə alınıb-satılır?

Şirkət səhmlərinin alqı-satqısı investisiya fəaliyyətinin bir hissəsi hesab edilir və gəlir əldə etmək üçün geniş imkanlar açır. Səhmləri satın aldığınız zaman şirkətin mənfəət bölgüsündə iştirak hüququ əldə edirsiniz. Səhmlərin alqı-satqısı prosesi investorların qiymətli kağızları mübadilə edə biləcəyi fond birjasında (Stock Market) həyata keçirilir. Səhm bazarı qiymətlərin yüksəlməsindən tutmuş dividendlərin alınmasına qədər çoxsaylı gəlir imkanları təqdim edir. Son zamanlar müasir onlayn platformalar sayəsində səhm almaq və səhm satmaq fərdi investorlar üçün də getdikcə daha əlçatan olur. Hazırda səhmlər təkcə ən gəlirli deyil, həm də ən likvid investisiya alətlərindən biri hesab olunur və bu da onları maliyyə uğuru axtaranlar üçün cəlbedici edir.

Səhm (Stock) nədir?


Səhmlər, şirkətə sərmayə qoyaraq onun mülkiyyətində pay sahibi olmağa imkan verən qiymətli kağızlardır. Səhm sahibi dividendlər (şirkətin xalis mənfəətinin səhmdarlar arasında bölüşdürülmüş hissəsi) ala, həmçinin səhmlərin bazar dəyərindəki dəyişikliklərdən gəlir əldə edə bilər. Səhm buraxan şirkətlərin əsas məqsədi öz inkişafı üçün əlavə vəsait cəlb etməkdir. Bu vəsaitlər istehsalın genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, tədqiqatların aparılması və ya yeni bazarlara çıxmaq üçün istifadə oluna bilər. İnvestorlar isə, öz növbəsində, səhmləri kapitallarını artırmaq üçün bir fürsət kimi görürlər.

Səhmlər iki növdə olur: adi və imtiyazlı. Adi səhmlər şirkətin qərarlarında iştirak etmək hüququ verir, lakin sözügedən qiymətli kağızlar üzrə dividendlər yalnız mənfəət olduqda və ya şirkətin qərarına əsasən ödənilir. İmtiyazlı səhmlər, əksinə, dividendlər şəklində sabit gəlir təmin edir, lakin idarəetməyə təsir etmək imkanı vermir.

Səhmlərə investisiya qoymaq diqqətli yanaşma tələb edir, çünki onların dəyəri bir çox amillərdən asılıdır: ümumi iqtisadi vəziyyət, korporativ xəbərlər və hətta qlobal trendlərdən. Bununla belə, səhmlər kapitalın uzunmüddətli artırılması üçün ən populyar alətlərdən biri hesab olunur.

Səhm bazarı (Stock Market) nədir?


Səhm bazarı (Stock Market) şirkətlərin səhmlərinin alqı-satqısının aparıldığı maliyyə bazarıdır. Onun əsas məqsədi alıcı və satıcıları bir araya gətirərək, investorlar üçün qiymətli kağızlara, biznes üçün isə kapitala çıxışı təmin etməkdir. Səhm bazarı ilkin və təkrar bazarlardan ibarətdir. İlkin bazarda şirkətlər IPO (İlkin Kütləvi Yerləşdirmə) vasitəsilə öz səhmlərini ilk dəfə olaraq bazara çıxarırlar. Təkrar bazarda isə investorlar ilkin bazarda buraxılmış səhmləri bir-birindən alıb-sata bilirlər. Səhm ticarətinin aparıldığı ən qlobal bazarlara nümunə kimi NASDAQ, Nyu-York Fond Birjası (NYSE) və ya London Fond Birjasını (LSE) göstərmək olar. Müasir texnologiyalar broker platformaları vasitəsilə səhmlərin onlayn ticarətini mümkün edir və bununla da bazar demək olar ki, hər kəs üçün əlçatan olur.

“Stock Market”də səhmlərin qiyməti tələb və təklif əsasında müəyyən edilir. Qiymətin formalaşmasına həm mikro, həm də makroiqtisadi amillər təsir göstərir. S&P 500, Dow Jones və FTSE 100 kimi indekslər ümumi bazar vəziyyətini izləməyə kömək edir.

Şirkət səhmləri haradan və necə alınır-satılır?


Şirkətin səhmlərini alıb-satmaq üçün birjada əməliyyatlar həyata keçirən brokerin xidmətlərindən istifadə etmək lazımdır. Müasir texnologiyalar bunu onlayn brokerlər və ticarət platformaları vasitəsilə etməyə imkan verir. İnvestisiyaya başlamaq üçün siz hesab açmalı, identifikasiya prosedurundan keçməli və hesaba pul yatırmalısınız. Platformada qeydiyyatdan keçdikdən sonra müxtəlif şirkətlərin geniş seçimli səhmlərinə çıxış əldə edirsiniz. Alış prosesi isə sadədir - sizi maraqlandıran səhmi seçib, onun miqdarını və qiymətini qeyd edirsiniz. Daha sonra broker əməliyyatı həyata keçirir və beləliklə, səhm portfelinizə əlavə olunur.

Səhmlərin satışı da analoji şəkildə həyata keçirilir. Səhm satmaq üçün istədiyiniz zaman, təyin etdiyiniz qiymətə satış sifarişi (order) yerləşdirirsinz. Kimsə səhmi sizin müəyyən etdiyiniz qiymətə almağa razı olduqdan sonra əməliyyat tamamlanır.

Onu da qeyd etmək lazımdır ki, səhm bazarı müəyyən saatlar ərzində fəaliyyət göstərir. Ticarət vaxtları birjadan və onun yerləşdiyi saat qurşağından asılı olaraq dəyişir. Əsas ticarət saatlarından əlavə, "after-hours" (əsas ticarət saatı bitdikdən sonra) və "pre-market" (əsas ticarət başlamazdan əvvəl) kimi adlandırılan ticarət vaxtları da mövcuddur. Əməliyyatları düzgün planlaşdırmaq, həmçinin iqtisadi xəbərlərin və siyasi hadisələrin təsirini öncədən görə bilmək üçün investorlara birjanın ticarət satlarını nəzərə almaq vacibdir.

Səhmdar kimə deyilir və necə səhmdar olmaq olar?


Öncə, “səhmdar kimdir?” sualını cavablandıraq. Səhmdar şirkətdə bir və ya bir neçə səhm sahibi olan şəxs və ya təşkilata deyilir. Mahiyyət etibarı ilə, imtiyazlı səhmdar biznesin ortaq sahibinə çevrilir, səsvermə yolu ilə idarəetmədə iştirak edir və şirkət mənfəətində pay sahibi olur.

Səhmdarlar iki kateqoriyaya bölünür:

  • Minoritar səhmdarlar - əsasən, fərdi investorlar olurlar və əldə etdikləri səhm sayı az olur
  • Majoritar səhmdarlar - böyük səhmlər paketinə sahib olan şəxslərdir. Əksər hallarda bu, şirkətlər, fondlar və ya biznesin təsisçiləri olur


Bəs necə səhmdar olmaq olar?

Bunun uçün broker şirkət vasitəsilə fond bazarına çıxış əldə etmək lazımdır. Bu proses aşağıdakı mərhələlərdən ibarətdir:

  • Etibarlı broker seçmək və ticarət hesabı açmaq
  • Hesaba vəsait mədaxil etmək
  • Bazarı araşdırmaq və səhmlərini əldə etmək istədiyiniz şirkəti təyin etmək
  • Brokerin təqdim etdiyi platformadan həmin səhmi almaq

Əməliyyat başa çatdıqdan sonra siz səhm sahibi olur və səhmdar statusu alırsınız.

Unicapital İnvestisiya Şirkətinin təqdim etdiyi UTrader xidməti sayəsində səhmdar olmaq bu gün həmişəkindən daha asandır. UTrader yerli və beynəlxalq səhm bazarını əlçatan edir. Apple, Tesla, Netflix, Amazon və minlərlə xarici nüfuzlu şirkətlərin pay sahibi olmaq imkanı verir.

Şirkət səhmlərinə investisiya etməyin üstünlükləri?


Şirkət səhmlərinə investisiya etməyin bir sıra üstünlükləri var və onlar uzunmüddətli maliyyə məqsədlərinə çatmaq üçün bu aləti cəlbedici edir. Ən mühüm üstünlüklərdən biri kapital artımı potensialıdır. Məsələn, Apple səhmləri son 5 ildə əhəmiyyətli artım nümayiş etdirib. 2019-cu ilin noyabr ayında bir Apple səhminin qiyməti təxminən 67 dollar idisə, 2024-cü ilin eyni dövründə 234 dolları ötüb. Bu o deməkdir ki, şirkətin səhmlərini erkən satın almış investorlar yatırımlarını üç dəfədən çox artıra bilib.

Digər üstünlüklərdən biri də dividend, yəni şirkətin mənfəətinin səhmdarlar arasında bölüşdürülən bir hissəsini əldə etmək imkanıdır. Coca-Cola, PepsiCoJohnson & Johnson kimi şirkətlər səhmlərlarına stabil dividend ödəmələri ilə tanınır.

Diversifikasiya səhmlərə sərmayə qoymağın digər üstün cəhəti hesab olunur. Əgər investor SPDR S&P 500 kimi ETF-yə yatırım etmək qərarına gələrsə, bir fondda ABŞ-nin 500 nüfuzlu şirkətdə pay sahibi ola bilər. Bu, riskləri minimuma endirməyə kömək edir, çünki səhmdar bir şirkətin maliyyə nəticələrindən asılı olmur. Məsələn, S&P 500 indeksində bir şirkətin səhmləri ucuzlaşarsa, indeksdəki digər şirkətlər itkiləri kompensasiya edə bilər.

Qeyd: ETF (Exchange Traded Funds) - birjada ticarət olunan fondlar

Səhmlərin investorlar üçün cəlbedici olmasının başqa bir səbəbi onların inflyasiyadan qorunmaq üçün istifadə olunmasıdır. Amazon, Microsoft, Zoom kimi şirkətlərin nümunəsində hətta iqtisadi qeyri-müəyyənlik dövründə (məsələn, 2020-ci ildə, COVİD-19 zamanı) səhm qiymətlərinin necə artığını görmək olar. Sözügedən dövrdə bu şirkətlərin səhmləri yüksək göstəricilər nümayiş etdirdi - onların məhsul və xidmətlərinə tələb artmağa davam etdi və bu, səhm qiymətlərini yüksətdi.

Üstünlüklərdən danışarkən, səhmlərin likvidliyini də qeyd etmək lazımdır. Bu da investora istənilən vaxt aktivləri tez satmaq və ya almaq imkanı verir. Məsələn, Tesla və ya Meta-nın səhmlərini satmaq qərarına gəlsəniz, bunu uzun müddət gözləmədən, bir neçə dəqiqə ərzində edə bilərsiniz.

Səhmlərə investisiya qoymaq uzunmüddətli perspektivdə kapital formalaşdırmağın ən əlverişli yollarından biridir. Peşəkar yanaşma və bazar təhlilinin köməyi ilə investorlar yalnız səhm qiymətlərinin yüksəlməsindən deyil, həm də müntəzəm dividend ödənişlərindən faydalanaraq gəlirlərini əhəmiyyətli dərəcədə artıra bilərlər. Uğurlu investisiyanın bilik, səbr və riskləri düzgün qiymətləndirmək bacarığı tələb etdiyini unutmamaq vacibdir. Bu səbəbdən də birjaya ilk addım atmazdan öncə şirkətləri, onların maliyyə göstəricilərini və dünyadakı iqtisadi vəziyyəti diqqətlə araşdırmaq lazımdır. Əgər bütün bunlar nəzərə alınarsa, səhmlərə yatırımlar sabit maliyyə artımının təməlini qoya bilər.

Ətraflı məlumat üçün sorğu göndərin

Thank You!

Your form has been succesufully send

Səhm nədir? Stock Market-də şirkət səhmləri necə alınıb-satılır?

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Səhm nədir? Stock Market-də şirkət səhmləri necə alınıb-satılır?

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Səhm nədir? Stock Market-də şirkət səhmləri necə alınıb-satılır?

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi