Foreks bazarının həftəlik təqvimi və analitikası 07.09.2026 - 13.09.2026

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Ötən həftə ABŞ dolları yüksək dəyişkənlik nümayiş etdirdi. ABŞ əmək
bazarının güclü göstəriciləri Federal Ehtiyat Sisteminin sentyabrda faiz
dərəcəsini artırmaq ehtimalını yüksəltsə də, Dollar İndeksi 100.00 səviyyəsinin
üzərində möhkəmlənə bilməyərək həftəni 99.00 ətrafında başa vurdu.
Avqust ayında ABŞ iqtisadiyyatında 162 min yeni iş yeri yaradılıb.
Bazar gözləntilərini xeyli üstələyən bu göstərici əmək bazarının əvvəlki
aylardakı zəifləmədən sonra yenidən bərpa olunduğunu göstərir. İşsizlik
səviyyəsi 4.1%-də sabit qalıb, əməkhaqqı artımının zəifləməsi isə
inflyasiya baxımından müsbət siqnal kimi qiymətləndirilir.
Cari həftədə əsas diqqət ABŞ-nin inflyasiya göstəricilərinə yönələcək.
İstehlak Qiymətləri İndeksi (CPI) Federal Ehtiyat Sisteminin (FED) 15–16
sentyabr iclasından əvvəl açıqlanacaq son mühüm makroiqtisadi göstəricilərdən
biridir. İnflyasiyanın gözləntilərdən yüksək olması faiz artımı ehtimalını
gücləndirə, gözləniləndən zəif CPI göstəricisi isə FED-in faizləri dəyişməz
saxlaması gözləntilərini yenidən artıra bilər.
Avrozonada isə diqqət mərkəzində Avropa Mərkəzi Bankının (AMB)
faiz qərarı olacaq. İnflyasiyanın yenidən sürətlənməsi əlavə faiz artımı
ehtimalını gündəmə gətirib. Bu səbəbdən cari həftə EUR/USD cütlüyü
üçün həm AMB-nin qərarı, həm də ABŞ-nin İstehlak Qiymətləri İndeksi (CPI)
böyük əhəmiyyət kəsb edəcək.
Neft bazarında geosiyasi gərginlik yenidən artıb. ABŞ-İran qarşıdurması,
Hörmüz boğazı vasitəsilə daşımaların zəifləməsi və tanker təhlükəsizliyi ilə
bağlı risklər "Brent" və WTI markalı neftin qiymətini bahalaşdırıb. Enerji
daşıyıcılarının bahalaşması isə qlobal inflyasiyanın yenidən sürətlənməsi
riskini yaradır.
ABŞ iqtisadiyyatında əsas diqqət mərkəzində yüksək inflyasiya ilə yenidən
canlanan əmək bazarı arasındakı balans durur. Güclü NFP (kənd təsərrüfatından
kənar məşğulluq) göstəricisi FED-in əlavə faiz artımını nəzərdən keçirməsinə
zəmin yaratsa da, əməkhaqqı artımının səngiməsi qiymət təzyiqlərinin
zəiflədiyindən xəbər verir.
FED rəsmilərinin son bəyanatları inflyasiya ilə mübarizənin hələ də əsas
prioritet olaraq qaldığını göstərir. Bir sıra rəsmilər qiymət artımının kifayət
qədər sürətlə səngimədiyini və ehtiyac yarandığı təqdirdə faizlərin yenidən
artırıla biləcəyini vurğulayıblar.
Bu səbəbdən cari həftə açıqlanacaq CPI (İstehlak Qiymətləri İndeksi)
göstəricisi xüsusi əhəmiyyət kəsb edir. Baza inflyasiyasının yenidən
sürətlənməsi FED-in monetar sərtləşdirmə mövqeyini möhkəmləndirə
və ABŞ dollarını dəstəkləyə bilər.
Əksinə, CPI göstəricisinin gözləniləndən aşağı açıqlanması, əmək bazarının
güclü olmasına baxmayaraq, FED-ə gözləmə mövqeyini saxlamaq imkanı
verəcək. Bu ssenari gerçəkləşərsə, dollar üzərində satış təzyiqi arta bilər.
Həftə ərzində İstehsalçı Qiymətləri İndeksi (PPI), işsizlik müavinəti üçün
ilkin müraciətlər və Miçiqan Universitetinin istehlakçı əhval-ruhiyyəsi
indeksi də izləniləcək. Lakin ABŞ dollarının əsas hərəkət istiqamətini
məhz CPI göstericisi müəyyən edəcək.
07.09.2026
Gün ərzində ABŞ-də qeyri-iş günüdür
10.09.2026
16:30 - ABŞ-da istehsalçı qiymətlərinin indeksi (avqust)
16:30 - ABŞ-da işsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.
18:00 - ABŞ-da təkrar mənzil bazarında satışlar (avqust)
20:00 - ABŞ-da xam neft ehtiyatları haqqında məlumatın açıqlanması
Avrozona
EUR/USD cütlüyü ötən həftəni 1.1600 səviyyəsinin bir qədər üzərində
tamamladı. Son həftələrdə dəqiq hərəkət istiqaməti müəyyənləşdirə
bilməyən cütlük həm FED, həm də Avropa Mərkəzi Bankının (AMB) gələcək
monetar siyasətinə dair gözləntilər arasında balans axtarışını davam etdirir.
Avrozonada inflyasiyanın yenidən sürətlənməsi Avropa Mərkəzi Bankı
(AMB) üçün əsas problem olaraq qalır. Enerji daşıyıcılarının bahalaşması
qiymət təzyiqinin artması riskini gücləndirib. Bu səbəbdən bazar sentyabr
iclasında əlavə faiz artımı ehtimalını yüksək qiymətləndirir.
Faiz artımı böyük ölçüdə bazarlar tərəfindən artıq qiymətləndirildiyi üçün
əsas diqqət Kristin Laqardın (Christine Lagarde) gələcək monetar siyasətlə
bağlı bəyanatlarına yönələcək. AMB analoji artımların davam edə biləcəyinə
dair açıq qapı saxlayarsa, avro dəstək tapacaq. Sentyabr artımının son addım
ola biləcəyinə işarə edilərsə, EUR/USD cütlüyündə yüksəliş məhdudlaşa bilər.
Texniki baxımdan 1.1630–1.1640 zonası əsas müqavimət həddidir. Bu zonanın
yuxarı doğru yarılması yüksəliş dinamikasını müvafiq olaraq 1.1710 və 1.1800
hədəflərinədək gücləndirə bilər.
Aşağı istiqamətdə isə 1.1560–1.1570 aralığı əsas dəstək zonası kimi çıxış edir.
Bu səviyyənin aşağı doğru kırılması 1.1470 və daha sonra 1.1385 hədəflərini
gündəmə gətirə bilər.
Artım hədəfləri: 1.1635 ; 1.1710 ; 1.1800
Eniş hədəfləri: 1.1565 ; 1.1470 ; 1.1385
10.09.2026
10:00 - Almaniyada İstehlakçı Qiymətlərinin Baza indeksi (avqust)
16:15 - Avrozonada depozitlər üzrə faiz dərəcələri (sentyabr)
16:15 - Avrozonada uçot faiz dərəcəsi ilə bağlı qərar (sentyabr)
Neft
Neft bazarında əsas hərəkətverici amil yenidən Yaxın Şərqdəki gərginlikdir.
ABŞ və İran arasında hərbi-siyasi qarşıdurmanın kəskinləşməsi, Hörmüz
boğazında gəmi hərəkətinin zəifləməsi və tanker daşımaları ilə bağlı artan
risklər qiymətlərə ciddi dəstək verir.
Hazırda bazar yalnız siyasi bəyanatları deyil, real neft tədarükünün nə
dərəcədə məhdudlaşdığını diqqətdə saxlayır. Hörmüz boğazı vasitəsilə
daşımaların daha da zəifləməsi qlobal neft təklifi üçün ciddi risk yarada bilər.
OPEC+ tərəfindən əlavə hasilat artımına gedilməməsi də qısamüddətli
perpektivdə qiymətləri dəstəkləyir. Bu səbəbdən neft bazarında əsas trend
yüksəliş olaraq qalır; lakin hər hansı diplomatik irəliləyiş qiymətlərdə kəskin
korreksiyaya yol aça bilər.
Brent
Brent markalı neftin qiyməti 95–98 dollar diapazonunadək bahalaşaraq
100 dollarlıq psixoloji həddə yaxınlaşıb.
Qiymətin 98 dollar həddinin üzərində möhkəmlənməsi 100 dollarlıq
müqavimətin sınaqdan keçirilməsinə zəmin yarada bilər. Geosiyasi
risklərin daha da kəskinləşəcəyi təqdirdə, 105 dollar səviyyəsi də hədəf
olaraq gündəmə gələ bilər.
Aşağı istiqamətdə 94 dollar ilk əsas dəstək səviyyəsidir. Bu həddin aşağı
doğru yarılması qiymətlərin müvafiq olaraq 90 və 85 dollar istiqamətində
korreksiya olunması riskini artıracaq.
Artım hədəfləri: 98.00 ; 100.00 ; 105.00
Eniş hədəfləri: 94.00 ; 90.00 ; 85.00
WTI
WTI markalı neft 91–92 dollar diapazonunda ticarət olunur və ümumi
yüksəliş trendini saxlayır.
Yaxın perspektivdə 93–94 dollar aralığı əsas müqavimət zonası kimi çıxış edir.
Bu həddin yuxarı doğru yarılması müvafiq olaraq 97 və 100 dollar
hədəflərinədək yüksəlişə zəmin yarada bilər.
Aşağı istiqamətdə isə 90 dollar səviyyəsi əsas psixoloji dəstək olaraq qalır.
Qiymətin bu həddən aşağı düşməsi 88 və 85 dollar diapazonlarınadək
korreksiyaya yol aça bilər.
Artım hədəfləri: 94.00 ; 97.00 ; 100.00
Eniş hədəfləri: 90.00 ; 88.00 ; 85.00
Qızıl
Qızıl ötən həftənin əvvəlində ucuzlaşsa da, sonradan bərpa olunaraq yenidən
4,500 dollar diapazonuna yaxınlaşıb. Qiymət dinamikasında əsas hərəkətverici
amil FED-in sentyabr faiz qərarı ilə bağlı dəyişən bazar gözləntiləri olub.
Güclü NFP hesabatı faiz artımı ehtimalını artıraraq qızılın bahalaşmasını
məhdudlaşdırıb. Buna baxmayaraq, geosiyasi risklər və dollar indeksinin
(DXY) 100.00 səviyyəsinin üzərində möhkəmlənə bilməməsi qiymətli
metalın ucuzlaşma imkanlarını da məhdudlaşdırır.
Cari həftədə əsas hərəkətverici amil ABŞ-nin CPI (İstehlak Qiymətləri İndeksi)
göstəricisi olacaq. İnflyasiyanın gözləntiləri üstələməsi ABŞ dollarını və xəzinə
istiqrazlarının gəlirliliyini artıraraq qızıl qiymətlərinə təzyiq göstərə bilər.
Əksinə, zəif CPI göstəricisi faiz artımı ehtimalını azaldacaq və qızılın yenidən
4,500 dollar həddini aşmasına zəmin yaradacaq.
Texniki baxımdan 4,510–4,535 dollar diapazonu əsas müqavimət zonası kimi
çıxış edir. Bu həddin üzərində möhkəmlənmə müvafiq olaraq 4,675–4,700 və
daha sonra 4,850 dollar hədəflərinədək yüksəlişə yol aça bilər.
Aşağı istiqamətdə isə 4,350 dollar səviyyəsi əsas dəstək kimi qorunur.
Bu həddin aşağı doğru yarılması qiymətlərin 4,300 və 4,200 dollar
diapazonlarınadək korreksiya olunması riskini artıracaq.
Artım hədəfləri: 4,535 ; 4,700 ; 4,850
Eniş hədəfləri: 4,350 ; 4,300 ; 4,200
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi.
© 2026 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.