Foreks bazarının həftəlik təqvimi və analitikası 13.04.2026 - 19.04.2026

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Ötən həftə bazarların əsas hərəkətverici qüvvəsi ABŞ-İran arasında elan olunan atəşkəs və onun dayanıqlılığı ilə bağlı xəbərlər oldu. Həftənin əvvəlində gərginliyin azalması fonunda risk iştahası artdı, dollar zəiflədi, EUR/USD isə 1.1700 səviyyəsindən yuxarıda möhkəmləndi. Bununla yanaşı, Hörmüz boğazının tam açılmaması və regionda, xüsusilə Livan istiqamətində davam edən hərbi risklər bazarda ehtiyatlı mövqenin qorunmasına səbəb olur.
ABŞ-də iqtisadi artım göstəriciləri zəiflədi: ÜDM artımı 0.5%, xidmət sektoru PMI isə 54 səviyyəsinə gerilədi. Eyni zamanda, inflyasiya 3.3%-ə yüksəldi, bu da FED-in faiz endirimi gözləntilərini yenidən arxa plana keçirdi.
Cari həftədə əsas diqqət ABŞ PPI, həftəlik əmək bazarı göstəriciləri, ECB və FED rəsmilərinin çıxışları, eləcə də Pakistan/İslamabad danışıqlarının nəticələrinə yönələcək. Hazırda bazar tamamilə xəbərlərin təsiri ilə formalaşan rejimdə hərəkət edir.
ABŞ iqtisadiyyatı ilə bağlı son statistik göstəricilər qarışıq bir mənzərə ortaya qoyur. Bir tərəfdən iqtisadi artım tempində zəifləmə müşahidə olunur, digər tərəfdən inflyasiya yenidən sürətlənib. Bu, FED üçün uzun müddət yüksək faiz siyasətinin davam edə biləcəyi ssenarisini gücləndirir.
CPI-nin 3.3%-ə yüksəlməsi və neft qiymətlərinin yüksək səviyyədə qalması fonunda, bazar artıq faiz endirimlərindən çox, faiz dərəcələrinin uzun müddət sabit saxlanılmasını nəzərə alır.
PPI göstəricisi bu həftə bazarın dollar üzrə istiqamətini müəyyən edən əsas faktor olacaq. Əgər istehsalçı qiymətləri gözləntilərdən yüksək açıqlanarsa, dollar indeksində yenidən güclənmə görə bilərik.
FED-in mövqeyi hazırda aydındır: faiz endirimi yalnız enerji qiymətlərində normallaşma və inflyasiyanın aşağı düşməsi vəziyyətində gündəmə gələ bilər.
13 aprel
18:00 – Təkrar mənzil bazarında satışlar (mart)
14 aprel
16:30– İstehsalçı qiymətlərinin indeksi (aylıq) (mart)
15 aprel
18:30 – Xam neft ehtiyatları
16 aprel
16:30 – Filadelfiya FED-inin istehsal aktivliyinin indeksi (aprel)
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
Avrozonada makroiqtisadi fon nisbətən stabil görünür. Almaniyada sifarişlər və ticarət balansı bazar gözləntilərindən daha yaxşı açıqlandı, bu isə avroya əlavə fundamental dəstək verdi. Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard tərəfindən verilən açıqlamalar isə bazarda faiz artımı ehtimalını tam istisna olunmadığını göstərir.
EUR/USD üzrə texniki görünüş artıq daha konstruktivdir. Cütlük 100 və 200 günlük hərəkətli ortalamaların üzərində möhkəmlənib və yaxın perspektivdə 1.1750-1.1820 zonası əsas müqavimət kimi izlənilir.
Bununla belə, Yaxın Şərqdə atəşkəsin pozulması və dolların “təhlükəsiz liman” kimi yenidən güclənməsi avro üçün əsas risk olaraq qalır.
16 aprel
13:00 – İstehlak qiymətləri indeksi (illik) (mart)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1750; 1.1820; 1.2000
- Eniş hədəfləri: 1672; 1.1600; 1.1568
Neft bazarında volatillik yüksək olaraq qalır. Brent keçən həftəni 96.24 dollar, WTI isə 90 dollar ətrafında tamamladı. Atəşkəs xəbərləri qiymətlərdə kəskin eniş yaratsa da, danışıqların qeyri-müəyyənliyi səbəbilə qiymətlər yenidən yüksəlməyə başladı.
Brent üzrə bu həftə əsas ssenari əvvəlcə 87.05 zonasında dəstək testi, daha sonra isə 115.05 istiqamətində bərpa yüksəlişidir. 75.05 səviyyəsinin aşağı doğru qırılması trendin zəifləməsi siqnalı ola bilər.
WTI üzrə isə bazarın əsas diapazonu 88-115 dollar olaraq qalır. Əgər danışıqlar uğursuz nəticələnərsə və regionda hərbi risklər artsa, 100 dollar üzəri qiymətlər yenidən tam real ssenariyə çevrilə bilər.
Cari həftənin gözləntiləri (Brent):
- Artım hədəfləri: 105.05; 110.00; 115.05
- Eniş hədəfləri: 87.05; 75.05; 65.05
Cari həftənin gözləntiləri (WTI):
- Artım hədəfləri: 105.00; 110.00; 115.00
- Eniş hədəfləri: 88.00; 85.00; 80.00
Qızıl son həftədə müsbət dinamika göstərsə də, yüksəliş hələ tam təsdiqlənməyib. Atəşkəs xəbərləri fonunda qızıl 4850 zonası istiqamətində yüksəldi, lakin daha sonra 4700 ətrafına geri çəkildi. Bu, bazarda alıcıların hələ də ehtiyatlı davrandığını göstərir.
Hazırda qızılın istiqaməti tamamilə neft və geosiyasi xəbərlərdən asılıdır. Əgər neft qiymətləri yüksək qalarsa, inflyasiya gözləntiləri dolları dəstəkləyəcək və qızıl üzərində təzyiq yarada bilər. Əksinə, danışıqlarda irəliləyiş və dolların zəifləməsi halında 5000 psixoloji səviyyəsi yenidən gündəmə gələ bilər.
Texniki olaraq əsas dəstək 4680, əsas müqavimət isə 4865-4900 zonasıdır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 4865; 4900; 5000
- Eniş hədəfləri: 4680; 4500; 4400
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi.
© 2026 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.