Foreks bazarının həftəlik təqvimi və analitikası 13.07.2026 - 19.07.2026

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Ötən həftə qlobal bazarlarda əsas dəyişiklik ABŞ dollarının əvvəlki güclü yüksəlişdən sonra geriləməsi oldu. ABŞ əmək bazarındakı zəif göstəricilər dolları aşağı çəkməyə davam edir. Lakin ölkədəki yüksək inflyasiya və FED-in faizləri yüksək saxlamaq niyyəti dolların daha kəskin ucuzlaşmasının qarşısını alır. Dollar indeksi 101.00 səviyyəsində sabit qalmaqdadır. CFTC-nin son məlumatları da göstərir ki, investorlar bazarda dollara qarşı hələ də pozitiv yanaşmalarını (alış mövqelərini) qoruyub saxlayırlar. Spekulyativ xalis uzun mövqelərin (net long) həcmi 13 min kontrakta çatıb. Qeyd edək ki, son dörd həftə ərzində bu göstəricidə 12.2 min kontraktlıq artım qeydə alınıb. Digər tərəfdən, mövcud mövqeləşmə tarixi rekordlarla müqayisədə hələ də çox yüksək deyil. Bu isə o deməkdir ki, makroiqtisadi göstəricilər müsbət gələrsə, dolların əlavə yüksəliş (alış) üçün hələ kifayət qədər potensialı var.
Hazırda ABŞ iqtisadiyyatında iki ziddiyyətli tendensiya müşahidə olunur. Bir tərəfdən, əmək bazarında zəifləmə qeydə alınır: iyun ayında cəmi 57 min yeni iş yeri açılıb, əvvəlki ayın göstəricisi isə 172 mindən 129 minə endirilib. Digər tərəfdən isə inflyasiya yenidən sürətlənir; may ayında ümumi CPI 4.2%-ə, baza (əsas) CPI isə 2.9%-ə yüksəlib. Bu ikili vəziyyət FED-in qərarlarını ciddi şəkildə çətinləşdirir. Çünki soyuyan əmək bazarı faiz artımının dayandırılmasını diktə etdiyi halda, yüksək inflyasiya sərt siyasətin davam etdirilməsini tələb edir.
Bazar iştirakçıları bu həftə iki əsas hadisəni izləyəcəklər: ABŞ-nin yeni CPI göstəricisi və FED sədri Kevin Uorşun Konqres qarşısındakı hesabatı. Mövcud şəraitdə bazar iştirakçıları sentyabr iclasına qədər faizlərin ən azı 25 baza bəndi artırılacağı ehtimalını kifayət qədər yüksək qiymətləndirirlər. İnflyasiya göstəricilərinin proqnozları üstələməsi dolları yenidən gücləndirə bilər. Bu zaman, EUR/USD cütlüyü və qızıl qiymətləri təzyiq altında qalacaq. Əksinə, inflyasiyanın nəzərəçarpacaq dərəcədə zəifləməsi FED-in faizləri yenidən artırmaq ehtimalını azaldacaq. Belə bir vəziyyət dolların eniş tendensiyasını daha da sürətləndirə bilər.
Yaxın Şərqdə ABŞ və İran arasında yenidən artan gərginlik də bazarlar üçün mühüm risk olaraq qalır. Hörmüz boğazı ətrafında qarşılıqlı hücumlara baxmayaraq, enerji bazarında hələlik heç bir panika müşahidə olunmur. Bununla belə, hərbi qarşıdurmanın genişlənməsi neft qiymətlərində yeni sıçrayış yarada və inflyasiya gözləntilərini yenidən yüksəldə bilər.
ABŞ iqtisadiyyatında əsas mövzu yüksək inflyasiya ilə zəifləyən əmək bazarı arasındakı fərqdir. May ayında ümumi CPI-nin 4.2%-ə yüksəlməsi, inflyasiyanın əvvəlki aylarda müşahidə olunan eniş trendindən kənarlaşdığını nümayiş etdirdi.. Əsas inflyasiyanın 2.9%-ə yüksəlməsi isə qiymət artımının yalnız enerji və ərzaqla məhdudlaşmadığını, iqtisadiyyatın digər sahələrində də təzyiqin davam etdiyini göstərir.
FED rəsmilərinin son açıqlamaları göstərir ki, mərkəzi bank üçün əsas prioritet hələ də qiymət sabitliyidir. FOMC protokollarında bəzi üzvlər inflyasiya yüksək qalarsa əlavə faiz artımının lazım ola biləcəyini bildiriblər. Kevin Warsh da inflyasiyanın 2%-lik hədəfdən uzun müddət yuxarı qalmasının qəbul edilməyəcəyini açıq şəkildə vurğulayıb.
Bununla yanaşı, əmək bazarında vəziyyət tədricən zəifləyir. NFP-nin 57 minə qədər enməsi və əvvəlki ayların göstəricilərinin aşağı salınması işə qəbul tempinin zəiflədiyini göstərir. İşsizlik səviyyəsinin 4.2%-ə enməsi müsbət görünsə də, əmək bazarında iştirak səviyyəsinin aşağı düşməsi bu göstəricinin təsirini zəiflədir.
Bu həftə açıqlanacaq CPI göstəricisi FED-in növbəti addımı üçün əsas göstəricilərdən biri olacaq. Yüksək inflyasiya nəticəsi sentyabr ayında faiz artımı ehtimalını gücləndirə bilər. Daha zəif göstərici isə bazarın diqqətini əmək bazarındakı zəifləməyə yönəldəcək və dollar üzərində təzyiq yarada bilər.
Kevin Warsh-un Konqres qarşısındakı çıxışları da xüsusi əhəmiyyət daşıyacaq. Bazar onun konkret faiz proqnozu verməsini gözləməsə də, inflyasiya və əmək bazarı arasındakı balansı necə qiymətləndirməsi investorların FED siyasəti ilə bağlı gözləntilərinə təsir edə bilər.
13 iyul
20:30 - FED-in rəsmisi K.Vollerin çıxışı
22:00 - ABŞ federal büdcəsinin icrası üzrə hesabat (iyun)
14 iyul
16:30 - ABŞ-da İstehlakçı Qiymətlərinin indeksi (iyun)
16:30 - ABŞ-da İstehlakçı Qiymətlərinin Baza indeksi (iyun)
15 iyul
16:30 - ABŞ-da istehsalçı qiymətlərinin indeksi (iyun)
18:30 - ABŞ-da xam neft ehtiyatları haqqında məlumatın açıqlanması.
16 iyul
16:30 - ABŞ-da pərakəndə satış həcmi (iyun)
16:30 - ABŞ-da pərakəndə satışın baza indeksi (iyun)
16:30 - “Fed”-in Sənayə Fəaliyyəti indeksi (iyul)
16:30 - ABŞ-da işsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.
Avrozonada iqtisadi mənzərə qarışıq olaraq qalmaqdadır. İqtisadi aktivlik zəif olsa da, bəzi göstəricilərdə müəyyən yaxşılaşma müşahidə olunur. Sentix Investor Confidence indeksinin -13.4-dən -3.1-ə yüksəlməsi investor əhval-ruhiyyəsinin bərpa olunduğunu göstərir. Pərakəndə satışlar da əvvəlki enişdən sonra 0.2% artıb.
Bununla yanaşı, istehsalçı qiymətlərinin illik 5.9%-ə yüksəlməsi gələcək inflyasiya üçün risk yaradır. İstehsalçıların xərclərinin artması zamanla istehlakçı qiymətlərinə keçərsə, Avropa Mərkəzi Bankının (ECB) monetar siyasəti yenidən sərtləşdirməsi ilə bağlı gözləntilər arta bilər.
Hazırda avronun qarşılaşdığı əsas problem ABŞ dollarının fundamental üstünlüyüdür. ABŞ-da faiz dərəcələrinin daha yüksək olması və FED-in əlavə faiz artımı ehtimalını tamamilə istisna etməməsi dolların mövqeyini gücləndirir. ECB isə iqtisadi artımın zəifliyi səbəbindən daha ehtiyatlı davranmalıdır. Buna görə EUR/USD-də son bərpa hələlik güclü trend dəyişikliyi kimi qiymətləndirilmir.
Bu həftə Avrozonada yekun HICP göstəricisi və ticarət balansı izləniləcək. Lakin EUR/USD üçün əsas hərəkətverici faktor yenə də ABŞ CPI göstəricisi və FED sədri Kevin Warsh-un açıqlamaları olacaq.
17 iyul
13:00 - Avrozonada istehlakçı qiymətlərinin indeksi (iyun)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1439 ; 1.1604 ; 1.1646
- Eniş hədəfləri: 1.1400 ; 1.1320 ; 1.1200
Neft bazarında iki əks istiqamətli faktor eyni vaxtda qiymətlərə təsir edir. Bir tərəfdən, ABŞ və İran arasında yenidən artan gərginlik, Hörmüz boğazında kommersiya gəmilərinə qarşı insidentlər və yeni hərbi hücumlar təchizat riskini artırır. Digər tərəfdən, OPEC+ hasilatın artırılmasını davam etdirir, Körfəz ölkələrinin ixracı bərpa olunur və qlobal bazarda artıq təklif riski güclənir.
Bu səbəbdən neft üzrə əsas ssenari yüksək dəyişkənlikdir. Geosiyasi xəbərlər qiymətlərdə sürətli yüksəliş yarada bilər, lakin təklifin artması və tələb artımının zəifləməsi yüksəlişlərin davamlı olmasını çətinləşdirir.
Brent üzrə 80 dollar səviyyəsi əsas müqavimət zonası kimi izlənilir. Qiymətin bu səviyyə üzərində möhkəmlənməsi geosiyasi risklərin bazarda yenidən ciddi şəkildə qiymətləndirildiyini göstərə və 82-85 dollar istiqamətində yüksəlişə yol aça bilər. Lakin gərginlik azalarsa və Hörmüz boğazından neft daşımaları sabit davam edərsə, 76 dollar və daha aşağı səviyyələr yenidən gündəmə gələ bilər.
WTI üzrə də oxşar mənzərə müşahidə olunur. Qiymətin 75 dollar üzərində möhkəmlənməsi, 78 və daha sonra 83 dollar istiqamətində yüksəliş potensialını artıra bilər. Əksinə, 71 dollar səviyyəsinin aşağı qırılması satış təzyiqini gücləndirərək 69 və 66.50 dollar zonalarını gündəmə gətirə bilər.
Orta müddətli perspektivdə neft bazarında artıq təklif riski qiymətlər üçün əsas mənfi faktor olaraq qalır. Lakin Hörmüz boğazı ilə bağlı hər hansı ciddi qarşıdurma bu mənzərəni qısa müddətdə dəyişə bilər.
Cari həftənin gözləntiləri (Brent):
- Artım hədəfləri: 80.00 ; 82.50 ; 85.00
- Eniş hədəfləri: 76.00 ; 73.00 ; 70.00
Cari həftənin gözləntiləri (WTI):
Artım hədəfləri: 75.00 ; 78.00 ; 83.00
- Eniş hədəfləri: 71.00 ; 69.00 ; 66.50
Qızıl ötən həftə əvvəlki yüksəlişini davam etdirə bilmədi və yenidən təzyiq altında qaldı. Əsas səbəb Yaxın Şərqdə gərginliyin artmasına baxmayaraq, bazarın FED tərəfindən əlavə faiz artımı ehtimalını hələ də yüksək qiymətləndirməsidir.
Qızıl üçün əsas problem ABŞ-da inflyasiyanın yüksək qalmasıdır. İnflyasiya yüksək olduqda FED faizləri uzun müddət yüksək saxlaya və ya yenidən artıra bilər. Belə şəraitdə investorlar faiz gəliri verən alətlərə daha çox üstünlük verdikləri üçün qızıla olan tələb zəifləyə bilər.
Bununla yanaşı, qızılın aşağı istiqamətdə hərəkəti də məhdudlaşdırıla bilər. Mərkəzi bankların qızıl alışlarını davam etdirməsi və Yaxın Şərqdə geosiyasi risklərin yüksək qalması aktivə olan uzunmüddətli tələbi dəstəkləyən əsas amillərdir. Bu həftə açıqlanacaq ABŞ CPI göstəricisi qızıl bazarı üçün əsas təkanverici amil olacaq. İnflyasiyanın gözləntilərdən yüksək gəlməsi FED-in əlavə faiz artımı ehtimalını gücləndirərək qızıl üzərində yeni satış təzyiqi yarada bilər. Əksinə, inflyasiyanın zəifləməsi qızılın 4,130 dollar müqavimətini qıraraq bərpa dinamikasını davam etdirməsinə şərait yarada bilər.
Texniki baxımdan 4,130 səviyyəsi ilk mühüm müqavimət nöqtəsidir. Qiymət bu səviyyənin üzərində möhkəmlənərsə, 4,250 və 4,350 istiqamətində yüksəliş mümkündür. Aşağı istiqamətdə isə 4,000-3,950 zonası əsas dəstək olaraq qalır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 4,130 ; 4,250 ; 4,350
- Eniş hədəfləri: 4,000 ; 3,900 ; 3,800
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi.
© 2026 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.