Foreks bazarının həftəlik təqvimi və analitikası 17.08.2026 - 23.08.2026

UForex cari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Ötən həftə qlobal bazarlarda əsas diqqət ABŞ inflyasiya göstəricilərinə, Federal Ehtiyat Sisteminin gələcək faiz siyasətinə və Yaxın Şərqdə davam edən gərginliyə yönəldi. ABŞ dolları həftə ərzində dəyişkən hərəkət etsə də, əvvəlki iki həftəlik enişdən sonra cüzi yüksəlişlə bağlandı. Dollar İndeksi həftənin əvvəlində 100.00 səviyyəsinin üzərinə qalxsa da, daha sonra ABŞ-dən gələn zəif iqtisadi göstəricilər fonunda qazancının bir hissəsini itirdi.
ABŞ-də iyul ayı üzrə ümumi CPI inflyasiyası 3.5%-dən 3.4%-ə, əsas CPI isə 2.6%-dən 2.5%-ə enib. İnflyasiyanın müəyyən qədər zəifləməsi FED-in sentyabrda faiz dərəcələrini artıracağı ilə bağlı gözləntiləri azaltdı. Bununla yanaşı, əmək bazarındakı son zəiflik, istehlakçı əhvalının pisləşməsi və bəzi istehlak göstəricilərinin zəifləməsi ABŞ iqtisadiyyatının əvvəlki qədər güclü olmadığına dair siqnalları artırıb.
Bununla belə, FED rəsmilərinin mövqeyi əsasən sərt olaraq qalır. Bir sıra rəsmilər inflyasiyanın hələ də yüksək olduğunu və zərurət yaranarsa əlavə faiz artımının mümkünlüyünü bildiriblər. Bu səbəbdən bazar yaxın dövrdə faiz endirimi gözləmir və sentyabrda mümkün faiz artımı ssenarisi tam aradan qalxmayıb.
ABŞ Əmtəə Fyuçersləri üzrə Ticarət Komissiyasının (CFTC) son məlumatları da dollar üzrə investor mövqelərinin gücləndiyini göstərir. Dollar üzrə xalis uzun mövqelər 17.2 min kontraktdan 22.5 min kontrakta yüksəlib. Son dörd həftə ərzində dollar üzrə alış mövqelərinin artması investorların ABŞ valyutasına münasibətinin daha müsbət olduğunu göstərir.
Cari həftədə bazarın əsas diqqəti Federal Açıq Bazar Komitəsinin iyul iclasının protokollarına, FED rəsmilərinin açıqlamalarına və ABŞ və Avropadan açıqlanacaq ilkin PMI göstəricilərinə yönələcək. Bununla yanaşı, ABŞ-İran münasibətləri və Hörmüz boğazındakı vəziyyət neft, dollar və qızıl üçün əsas risk faktoru olaraq qalır.
ABŞ iqtisadiyyatında hazırda əsas ziddiyyət inflyasiyanın tədricən azalması ilə iqtisadi aktivliyin zəifləməsi arasında formalaşır. İyul ayında ümumi CPI-nin 3.4%-ə, əsas CPI-nin isə 2.5%-ə enməsi qiymət təzyiqlərinin müəyyən qədər azaldığını göstərir. Bununla belə, inflyasiya hələ də ABŞ Federal Ehtiyat Sisteminin 2%-lik hədəfindən yüksəkdir.
FED daxilində də mövqelər fərqlənir. Klivlend FED-inin rəhbəri Bet Hammak inflyasiyanın geniş yayıldığını bildirərək faizlərin artırılmasını dəstəkləyir. Boston FED-inin rəhbəri Syusan Kollins də inflyasiya yüksək qalarsa sentyabr ayında faiz artımını dəstəkləyə biləcəyini bildirib. Tomas Barkin və Ostan Qulsbi isə daha ehtiyatlı mövqe nümayiş etdirərək əlavə məlumatların gözlənilməsinə üstünlük verirlər.
Bu səbəbdən FED-in hazırda faizləri azaltmağa hazırlaşdığı görünmür. Əsas sual faizlərin nə qədər müddət yüksək qalacağı və inflyasiyanın yenidən yüksəlməsi halında əlavə artımın lazım olub-olmayacağıdır.
Dollar üçün müsbət faktor CFTC məlumatlarında da görünür. Spekulyativ xalis uzun mövqelərin 22.5 min kontrakta yüksəlməsi son aylarda dollar üzrə ən güclü mövqeləşmələrdən biridir. Bununla belə, göstəricilər hələ tarixi maksimumlardan uzaqdır və bu, güclü ABŞ məlumatları halında dollar üzrə əlavə alışların mümkün olduğunu göstərir.
Cari həftənin əsas hadisəsi FOMC protokollarının açıqlanması olacaq. Əgər protokollar FED daxilində sentyabr ayında faiz artımına ciddi dəstəyin olduğunu göstərsə, dollar yenidən güclənə bilər. Əksinə, rəsmilərin faiz artımı üçün yüksək tələb müəyyən etdiyi görünərsə, dollar üzərində təzyiq arta bilər.
19 avqust
18:30 – Xam neft ehtiyatları
22:00 – Federal Açıq Bazar Komitəsinin (FOMC) protokollarının dərci
20 avqust
16:30 – Filadelfiya FED-inin istehsal aktivliyinin indeksi (avqust)
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
21 avqust
17:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (avqust)
17:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (avqust)
EUR/USD ötən həftəni təxminən 1.1580 ətrafında cüzi yüksəlişlə başa vurdu. Cütlük avqust ayının maksimumlarına yaxın qalsa da, aydın istiqamət formalaşmayıb.
Avrozonada iqtisadi artım hələ də zəifdir. İkinci rüb üzrə ÜDM rüblük 0.4% artıb. Almaniyada Uyğunlaşdırılmış İstehlak Qiymətləri İndeksi (HICP) iyul ayında illik 2.8% səviyyəsində təsdiqlənib. Bu göstəricilər Avrozonada iqtisadi artımın sürətli olmadığını, lakin inflyasiya risklərinin də tam aradan qalxmadığını göstərir.
Bazar hazırda Avropa Mərkəzi Bankının sentyabr ayında faiz dərəcəsini 25 baza bəndi artırması ehtimalını yüksək qiymətləndirir. Buna baxmayaraq, avronun dollar qarşısında ciddi üstünlük qazanması üçün Avrozona iqtisadi göstəricilərinin daha güclü gəlməsi tələb olunur.
Cari həftədə Almaniyanın iqtisadi gözləntilər indeksi (ZEW), Kristin Laqardın açıqlamaları və Avrozona üzrə ilkin PMI göstəriciləri izləniləcək. Bununla belə, EUR/USD üçün əsas hərəkətverici faktor yenə də ABŞ dolları və FOMC protokolları olacaq.
19 avqust
13:00 – İstehlak qiymətləri indeksi (illik) (iyul)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1630; 1.1700; 1.2145
- Eniş hədəfləri: 1.1560; 1.1435; 1.1135
Neft bazarında geosiyasi risklər yüksək olaraq qalsa da, son həftələrdə bazarın diqqəti tədricən faktiki neft təchizatına yönəlir.
ABŞ və İran arasında razılaşma əldə olunmayıb və Hörmüz boğazında normal gəmi hərəkəti ciddi şəkildə pozulub. Bununla belə, neft istehsalçıları alternativ ixrac yollarından, boru kəmərlərindən və müəyyən hallarda hərbi müşayiətlə daşınmalardan istifadə etdikləri üçün bazarda ciddi fiziki təchizat çatışmazlığı hələ formalaşmayıb.
Bu vəziyyət neft qiymətlərinin geosiyasi xəbərlərə baxmayaraq nisbətən sabit qalmasını izah edir. Yəni bazar hazırda yalnız siyasi bəyanatları deyil, real olaraq nə qədər neftin dünya bazarına çatdırıldığını qiymətləndirir.
Brent
Brent həftəni təxminən 85.52 dollar ətrafında yüksəlişlə başa vurub. Texniki göstəricilər ümumi yüksəliş meylinin qorunduğunu göstərir, lakin qısamüddətli korreksiya riski qalır.
77.45 dollar əsas dəstək zonası kimi izlənilir. Qiymət bu səviyyəyə doğru gerilədikdən sonra alıcıların yenidən aktivləşməsi Brent-də yüksəlişi davam etdirə bilər.
94.05 dolların üzərində bağlanış yüksəliş trendinin güclənməsini təsdiqləyə bilər. Bu halda 100 dollar və daha uzunmüddətli perspektivdə 109.05 dollar səviyyələri gündəmə gələ bilər.
Əksinə, 66.05 dolların aşağı doğru qırılması mövcud yüksəliş ssenarisini zəiflədəcək və qiymətin 57.45 dollar istiqamətində daha dərin korreksiyası riskini artıracaq.
WTI
WTI ötən həftəni təxminən 82.40 dollar ətrafında tamamlayıb və həftə ərzində 83 dollar səviyyəsini test edib.
Maraqlıdır ki, ABŞ-İran münaqişəsinin həll edilməməsinə baxmayaraq, WTI-də kəskin yüksəliş müşahidə olunmur. Bunun əsas səbəbi bazarın hazırkı neft təchizatını kifayət qədər hesab etməsidir. Neft istehsalçıları Hörmüz boğazındakı problemlərə uyğunlaşaraq alternativ logistika yollarından istifadə edirlər.
Bu səbəbdən WTI üçün əsas məsələ artıq yalnız geosiyasi gərginliyin olub-olmaması deyil, bu gərginliyin real neft təchizatına nə dərəcədə təsir etməsidir.
Əgər İran enerji infrastrukturu və ya neft daşımalarına ciddi zərbə vurarsa, qiymətlərdə sürətli yüksəliş baş verə bilər. Mövcud vəziyyət qorunarsa və təchizat davam edərsə, WTI-nin hazırkı qiymət diapazonunda qalması ehtimalı daha yüksəkdir.
Cari həftənin gözləntiləri (Brent):
- Artım hədəfləri: 94.05; 100.00; 109.05
- Eniş hədəfləri: 77.45; 66.05; 57.45
Cari həftənin gözləntiləri (WTI):
- Artım hədəfləri: 83.00; 85.00; 88.00
- Eniş hədəfləri: 80.00; 77.50; 75.00
Qızıl avqustun ilk həftəsində güclü yüksəliş göstərdikdən sonra ötən həftə 4,450 dollar ətrafında son iki ayın maksimumunu test edib. Lakin qiymət bu səviyyənin üzərində möhkəmlənə bilməyib və həftənin sonunda təxminən 4,400 dollar ətrafına geriləyib.
Qızıl üçün əsas müsbət faktor FED-in sentyabrda faiz artıracağı ilə bağlı gözləntilərin azalmasıdır. ABŞ-də CPI və istehsalçı qiymətlərinin zəifləməsi əlavə faiz artımının dərhal lazım olmadığı fikrini gücləndirib.
Digər tərəfdən, FED rəsmilərinin sərt açıqlamaları qızılın yüksəlişini məhdudlaşdırır. İnflyasiya FED-in hədəfindən yüksək qaldığı müddətdə faizlərin uzun müddət yüksək saxlanılması ehtimalı qızıl üçün mənfi faktor olaraq qalacaq.
Mərkəzi bankların qızıl alışları isə qiymət üçün mühüm uzunmüddətli dəstəkdir. Çin Xalq Bankının iyun ayında ardıcıl 20-ci ay qızıl ehtiyatlarını artırması mərkəzi bankların qızıla olan tələbinin davam etdiyini göstərir.
Cari həftədə qızıl üçün əsas hadisə FOMC protokolları olacaq. Protokollarda sentyabr ayında faiz artımının mümkünlüyünə işarə verilsə, dollar möhkəmlənə, qızılın qiyməti isə geriləyə bilər. Əks halda, qızıl yenidən 4,450-4,500 zonasını yoxlaya bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 4,450; 4,505; 4,680
- Eniş hədəfləri: 4,300; 4,175; 4,000
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi.
© 2026 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.