Foreks bazarının həftəlik təqvimi və analitikası 26.10.2026 - 01.11.2026

UForex cari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Ötən həftə qlobal maliyyə bazarlarında əsas diqqət ABŞ-də faiz gözləntilərinə, Yaxın Şərqdə geosiyasi gərginliyin artmasına və texnologiya sektorundakı satışlara yönəldi. ABŞ dolları əvvəlki həftələrdəki yüksəlişdən sonra müəyyən qədər zəifləyərək Dollar İndeksini 101.60 ətrafına endirdi. Buna baxmayaraq, ABŞ iqtisadiyyatının dayanıqlı qalması və ilin sonuna qədər əlavə faiz artımı ehtimalı dolların daha ciddi enişini məhdudlaşdırır.
ABŞ-də iqtisadi aktivlik yüksək faizlərə baxmayaraq müsbət olaraq qalır. Oktyabr ayı üzrə ilkin Composite PMI göstəricisi 58.4-dən 57.6-ya geriləsə də, iqtisadi fəaliyyətin genişlənməsini göstərir. Digər tərəfdən, mənzil bazarında zəifləmə və istehlakçı əhvalının aşağı səviyyədə qalması yüksək maliyyələşmə xərclərinin iqtisadiyyata təsirini göstərir.
Cari həftə maliyyə bazarları üçün ilin ən mühüm həftələrindən biri olacaq. ABŞ Federal Ehtiyat Sistemi (FED), Avropa Mərkəzi Bankı (AMB) və Yaponiya Bankı faiz qərarlarını açıqlayacaqlar. Hər üç mərkəzi bankın faizləri dəyişməz saxlaması gözlənilir. Buna görə investorların diqqəti qərarların özündən daha çox gələcək pul-kredit siyasəti ilə bağlı açıqlamalara yönələcək.
FED-in oktyabr ayında faizləri dəyişməz saxlaması ehtimalı təxminən 90% səviyyəsində qiymətləndirilir. Bununla belə, dekabr ayında əlavə faiz artımı ehtimalı yüksək olaraq qalır. Bu vəziyyət ABŞ dollarını dəstəkləsə də, faizlərin növbəti dəfə nə vaxt artırılacağı ilə bağlı qeyri-müəyyənlik bazarda dəyişkənliyi gücləndirə bilər.
Neft bazarında isə geosiyasi risklər yenidən ön plana çıxıb. Səudiyyə Ərəbistanının enerji infrastrukturu ilə bağlı təhlükəsizlik riskləri və Hörmüz boğazında tanker daşımalarına qarşı təhdidlər Brent və WTI qiymətlərini yüksəldib. Bununla belə, ABŞ-İran münasibətlərində diplomatik irəliləyiş ehtimalı yeni həftənin əvvəlində müəyyən korreksiya yaradıb.
Qızıl isə ötən həftə təxminən 4% ucuzlaşaraq 4,000 dollar səviyyəsinə qədər geriləyib. ABŞ-də faizlərin uzun müddət yüksək qalacağına dair gözləntilər və dolların nisbətən güclü mövqeyi qiymətli metal üzərində təzyiq yaradır.
ABŞ iqtisadiyyatından gələn son göstəricilər iqtisadi aktivliyin ümumilikdə dayanıqlı qaldığını, lakin ayrı-ayrı sahələrdə zəifləmə əlamətlərinin artdığını göstərir.
Sentyabr ayında mənzil tikintisinə başlanılan obyektlərin sayı aylıq 5.2% azalaraq illik hesabla 1.221 milyona düşüb. Fərdi yaşayış evlərinin tikintisi üçün verilən icazələrin də azalması yüksək faizlərin mənzil bazarına mənfi təsirini göstərir.
Bununla yanaşı, əmək bazarı nisbətən sabit qalır. İşsizlik müavinəti üçün ilkin müraciətlər 194 minə enərək kütləvi ixtisarların hələlik artmadığını göstərib. Oktyabr ayı üzrə Composite PMI göstəricisinin 57.6 səviyyəsində qalması da biznes aktivliyinin yüksək olduğunu təsdiqləyir.
Lakin istehlakçı gözləntilərində vəziyyət fərqlidir. Miçiqan Universitetinin istehlakçı əhvalı indeksi oktyabrda 48.0 səviyyəsində qalıb. Qarşıdakı bir il üzrə inflyasiya gözləntilərinin 4.7%-ə yüksəlməsi əhalinin qiymət artımlarından narahat olduğunu göstərir.
Bu səbəbdən FED üçün əsas problem dəyişməyib: iqtisadiyyat kifayət qədər dayanıqlıdır, lakin yüksək qiymətlər və faizlər istehlakçıların maliyyə vəziyyətinə təzyiq göstərir.
Cari həftənin əsas hadisəsi 28 oktyabrda FED-in faiz qərarı olacaq. Faiz dərəcəsinin 3.75-4.00% intervalında saxlanılması əsas ssenaridir. Bununla belə, bazarın reaksiyası FED sədri Kevin Vorşun açıqlamalarından asılı olacaq.
K.Vorş inflyasiya risklərini ön plana çıxararaq dekabr ayında əlavə faiz artımının mümkünlüyünü vurğulayarsa, ABŞ dolları və istiqraz gəlirlilikləri yüksələ bilər. Daha ehtiyatlı mövqe isə faizlərin uzun müddət dəyişməz qalacağı gözləntilərini gücləndirərək dolları zəiflədə bilər.
FED qərarından bir gün sonra ABŞ-də üçüncü rüb üzrə ilkin ÜDM və sentyabr PCE inflyasiyası açıqlanacaq. ÜDM artımının illik hesabla 3.2%, əsas PCE inflyasiyasının isə illik 3.1% təşkil etməsi gözlənilir.
Bu göstəricilər xüsusi əhəmiyyət daşıyır. Çünki FED-in qərarından sonra açıqlanacaq güclü ÜDM və yüksək inflyasiya bazarda dekabr faiz artımı gözləntilərini yenidən gücləndirə bilər. Əksinə, iqtisadi artımın və inflyasiyanın proqnozdan zəif açıqlanması dolların yüksəlişini məhdudlaşdıra bilər.
Dollar İndeksi üçün 101.60 əsas yaxın dəstəkdir. Bu səviyyənin üzərində möhkəmlənmə 102.60 və daha sonra 103.20 istiqamətində yüksəlişə şərait yarada bilər. 101.60-ın aşağı istiqamətdə qırılması isə 100.50 səviyyəsinə doğru korreksiya riskini artıra bilər.
27 oktyabr
18:00 – İstehlakçı güvən indeksi (oktyabr)
18:00 – Yeni mənzil satışları (sentyabr)
28 oktyabr
18:30 – Xam neft ehtiyatları
22:00 – FED-in uçot faiz dərəcəsi ilə bağlı qərarı
22:00 – Federal Açıq Bazar Komitəsinin (FOMC) açıqlaması
22:30 – Federal Açıq Bazar Komitəsinin (FOMC) mətbuat konfransı
29 oktyabr
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (illik) (sentyabr)
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (aylıq) (sentyabr)
16:30 – ÜDM göstəricisi (rüblük) (3-cü rüb)
EUR/USD ötən həftə yüksək dəyişkənlik nümayiş etdirsə də, ümumi eniş meylini qoruyub. Cütlük yeni həftəyə təxminən 1.1220 ətrafında başlayıb. ABŞ dollarının əvvəlki yüksəlişdən sonra müəyyən qədər zəifləməsi avroya qısamüddətli dəstək versə də, Avrozona iqtisadiyyatındakı problemlər davamlı bərpanı məhdudlaşdırır.
Avrozonada oktyabr ayı üzrə ilkin Composite PMI göstəricisi 53.1-dən 51.9-a geriləyərək son dörd ayın minimumuna düşüb. Göstərici iqtisadi aktivliyin hələ də artdığını göstərsə də, artım tempinin zəiflədiyini təsdiqləyir.
Əsas problemlər yüksək enerji xərcləri, Fransada iqtisadi aktivliyin zəifləməsi və fiskal qeyri-müəyyənlikdir. Fransanın dövlət borcu və büdcə problemləri investorların Avrozona maliyyə bazarlarına münasibətini daha ehtiyatlı edir.
Digər tərəfdən, enerji qiymətlərinin yüksək qalması inflyasiya risklərini artırır. Bu isə Avropa Mərkəzi Bankının (AMB) əlavə faiz artımı ehtimalını gündəmdə saxlayır. Beləliklə, Avrozona da ABŞ-yə bənzər vəziyyətlə üzləşir: yüksək inflyasiya daha sərt pul-kredit siyasətini tələb edir, zəif iqtisadi artım isə əlavə faiz artımlarını çətinləşdirir.
Cari həftədə əsas hadisə 29 oktyabrda Avropa Mərkəzi Bankının faiz qərarı olacaq. Depozit faizinin 2.50% səviyyəsində saxlanılması gözlənilir.
Faizlərin dəyişməz saxlanılması artıq böyük ölçüdə bazar qiymətlərində nəzərə alınıb. Buna görə avronun reaksiyası əsasən Kristin Laqardın açıqlamalarından asılı olacaq. AMB dekabr ayında əlavə faiz artımının mümkünlüyünü istisna etməzsə, avro dəstək ala bilər. Əksinə, iqtisadi artım risklərinin daha çox vurğulanması EUR/USD üzərində təzyiq yarada bilər.
Həftənin sonunda Almaniya və Avrozona üzrə üçüncü rüb ÜDM göstəriciləri də açıqlanacaq. Avrozona iqtisadiyyatının rüblük 0.2% artması gözlənilir. Daha zəif nəticə iqtisadi artımla bağlı narahatlıqları gücləndirə bilər.
Texniki baxımdan EUR/USD üçün 1.1250 əsas yaxın müqavimətdir. Bu səviyyənin üzərində möhkəmlənmə 1.1350 istiqamətində yüksəlişə şərait yarada bilər.
Aşağı istiqamətdə 1.1120 əsas dəstəkdir. Bu səviyyənin aşağı qırılması 1.1000 istiqamətində eniş riskini artıracaq.
Cari həftədə EUR/USD üçün əsas istiqamət FED və AMB qərarları arasındakı fərqdən, həmçinin ABŞ ÜDM və PCE göstəricilərinin dollar üzərindəki təsirindən asılı olacaq.
29 oktyabr
17:15 – Avrozonada depozitlər üzrə faiz dərəcələri (oktyabr)
17:15 – Avrozonada uçot faiz dərəcəsi ilə bağlı qərar (oktyabr)
17:45 – Avropa Mərkəzi Bankının mətbuat konfransı
30 oktyabr
13:00 – Almaniyada ÜDM göstəricisi (3-cü rüb)
17:00 – Almaniyada istehlak qiymətlərinin indeksi (aylıq) (oktyabr)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1250; 1.1300; 1.1350
- Eniş hədəfləri: 1.1120; 1.1050; 1.1000
Neft bazarında ötən həftə qiymətlər yenidən yüksəliş göstərib. Yaxın Şərqdə enerji infrastrukturu və tanker daşımaları ilə bağlı təhlükəsizlik risklərinin artması Brent və WTI qiymətlərinə dəstək verib.
Səudiyyə Ərəbistanında enerji obyektlərinə qarşı hücumlar və Hörmüz boğazında daşımalarla bağlı qeyri-müəyyənlik qlobal təchizat risklərini artırır. Bununla belə, neft ixracının tam dayanmaması və diplomatik danışıqların davam etməsi qiymətlərin daha sürətli yüksəlişini məhdudlaşdırır.
ABŞ-İran münasibətlərində mümkün diplomatik irəliləyiş barədə xəbərlər həftənin əvvəlində neft qiymətlərində müəyyən korreksiya yaradıb. Bu, bazarın geosiyasi xəbər axınına qarşı hələ də olduqca həssas olduğunu göstərir.
ABŞ neft ehtiyatları da qiymətlərə dəstək verən əsas faktorlardan biridir. Son hesabatda kommersiya xam neft ehtiyatları 3.06 milyon barel azalaraq 412.5 milyon barelə düşüb. Benzin ehtiyatları da 2.95 milyon barel azalıb.
Bununla yanaşı, dizel və digər distillə olunmuş yanacaq ehtiyatları 1.68 milyon barel artsa da, ümumi səviyyə son beş ilin mövsümi orta göstəricisindən aşağı qalır. Bu, yanacaq bazarında təchizatın hələ tam normallaşmadığını göstərir.
Cari həftədə əsas diqqət ABŞ neft ehtiyatlarına, Hörmüz boğazından daşımaların vəziyyətinə, Səudiyyə Ərəbistanının enerji infrastrukturuna və ABŞ-İran danışıqlarına yönələcək.
Brent
Brent ötən həftəni güclü yüksəlişlə tamamlayaraq 116 dolların üzərinə qalxıb. Yeni həftənin əvvəlində isə diplomatik danışıqlarla bağlı gözləntilər fonunda 114-115 dollar zonasına geriləyib.
Hazırda Brent üçün 117 dollar əsas yaxın müqavimətdir. Qiymətin bu səviyyənin üzərində möhkəmlənməsi 120 dollar istiqamətində yüksəlişə şərait yarada bilər. Daha ciddi təchizat problemi yaranarsa, 125-127 dollar zonası da gündəmə gələ bilər.
Bununla belə, neftdə son yüksəlişin mühüm hissəsi geosiyasi risklərlə bağlıdır. Buna görə ABŞ-İran münasibətlərində real irəliləyiş və Hörmüzdə daşımaların yaxşılaşması qiymətlərdə sürətli korreksiya yarada bilər.
Aşağı istiqamətdə 110 dollar əsas yaxın dəstəkdir. Bu səviyyənin aşağı doğru qırılması 105 və daha sonra 102.50 dollar istiqamətində korreksiya riskini artıracaq.
Hazırda Brent üzrə əsas ssenari yüksəliş meylinin qorunması, lakin geosiyasi xəbərlərdən asılı olaraq yüksək dəyişkənliyin davam etməsidir.
Cari həftənin gözləntiləri (Brent):
- Artım hədəfləri: 117.00; 120.00; 126.50
- Eniş hədəfləri: 110.00; 105.00; 102.50
WTI
WTI ötən həftə yüksəlişini davam etdirərək 103 dollar zonasını yoxlayıb. Bununla belə, yeni həftənin əvvəlində Brent kimi müəyyən korreksiya göstərərək 101-102 dollar ətrafında ticarət olunur.
WTI üçün əsas müsbət faktorlar ABŞ kommersiya neft ehtiyatlarının azalması, Yaxın Şərqdə davam edən təchizat riskləri və enerji daşımaları ilə bağlı qeyri-müəyyənlikdir.
Texniki baxımdan 101 dollar əsas yaxın dəstəkdir. Qiymət bu səviyyənin üzərində qaldığı müddətdə ümumi yüksəliş meyli qorunur.
Yuxarı istiqamətdə 106 dollar əsas müqavimətdir. Bu səviyyənin üzərində möhkəmlənmə 110 və daha sonra 113 dollar istiqamətində yüksəlişə şərait yarada bilər.
Əksinə, 101 dolların aşağı qırılması satış təzyiqini artıraraq 98 və daha sonra 93.50 dollar zonasını gündəmə gətirə bilər.
Çərşənbə günü açıqlanacaq ABŞ neft ehtiyatları hesabatı WTI üçün xüsusilə əhəmiyyətli olacaq. Ehtiyatların yenidən azalması qiymətlərə dəstək verə bilər. Gözləntilərdən yüksək ehtiyat artımı isə neftdə korreksiya riskini gücləndirəcək.
Cari həftənin gözləntiləri (WTI):
- Artım hədəfləri: 106.00; 110.00; 113.00
- Eniş hədəfləri: 101.00; 98.00; 93.50
Qızıl ötən həftə güclü satış təzyiqi altında qalaraq təxminən 4% ucuzlaşıb və 4,000 dollar səviyyəsinin altına geriləyib. Bu, son aylarda qiymətli metal üzrə müşahidə olunan ən ciddi həftəlik enişlərdən biridir.
Qızılın zəifləməsində əsas faktor ABŞ-də faizlərin uzun müddət yüksək qalacağına dair gözləntilərdir. FED-in oktyabrda faizləri dəyişməz saxlaması ehtimalı artsa da, dekabr ayında əlavə faiz artımı ehtimalı yüksək olaraq qalır.
Yüksək faiz gözləntiləri ABŞ dövlət istiqrazlarını daha cəlbedici edir və qızılın qiymətinə təzyiq yaradır. Bununla yanaşı, dolların nisbətən güclü qalması və enerji qiymətlərinin yenidən inflyasiya narahatlıqlarını artırması da qiymətli metal üçün mənfi faktorlardır.
Digər tərəfdən, geosiyasi risklər, dövlət borcu ilə bağlı narahatlıqlar və qızıl fondlarına davam edən investisiya axınları qiymətin daha dərin enişini məhdudlaşdıra bilər.
Cari həftədə qızıl üçün əsas hadisə FED-in faiz qərarı olacaq. Faizlərin dəyişməz saxlanılması artıq əsas ssenari olduğundan bazarın reaksiyası Kevin Vorşun gələcək faiz siyasəti ilə bağlı açıqlamalarından asılı olacaq.
Əgər FED dekabr ayında əlavə faiz artımına işarə edərsə, dollar və istiqraz gəlirlilikləri yüksələ, qızıl üzərində isə satış təzyiqi davam edə bilər.
Əksinə, FED daha ehtiyatlı mövqe nümayiş etdirərsə və əlavə faiz artımının zəruri olmadığını vurğulayarsa, qızıl yenidən bərpa göstərə bilər.
Cümə axşamı açıqlanacaq ABŞ ÜDM və PCE inflyasiyası da mühüm olacaq. Əsas PCE-nin illik 3.1%-ə yüksəlməsi gözlənilir. İnflyasiyanın daha yüksək olması FED-in sərt mövqeyini dəstəkləyərək qızıl üçün əlavə mənfi faktor ola bilər.
Texniki baxımdan 4,000 dollar hazırda əsas dönüş səviyyəsidir. Qiymətin bu səviyyənin üzərinə qayıtması 4,050 və daha sonra 4,100 dollar istiqamətində bərpanı dəstəkləyə bilər.
Daha güclü yüksəliş üçün 4,100-4,135 müqavimət zonasının keçilməsi tələb olunur. Bu baş vermədiyi müddətdə qısamüddətli mənzərə zəif olaraq qalacaq.
Aşağı istiqamətdə 3,900 dollar əsas dəstəkdir. Bu səviyyənin aşağı doğru qırılması 3,850 və daha sonra 3,790 dollar zonasına doğru korreksiya riskini artıracaq.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 4,050; 4,100; 4,135
- Eniş hədəfləri: 3,900; 3,850; 3,790
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi.
© 2026 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.