Foreks bazarının həftəlik təqvimi və analitikası 29.06.2026 - 05.07.2026

UForex cari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Ötən həftə qlobal bazarlarda əsas diqqət yenidən ABŞ dollarının güclənməsi, FED-in sərt monetar mövqeyi, ABŞ-İran razılaşmasının davamlılığı və enerji bazarlarında kəskin dəyişkənliyə yönəldi. ABŞ dolları ikinci həftə ardıcıl olaraq möhkəmləndi və Dollar İndeksi 102.00 səviyyəsinə yaxınlaşdı. Bu yüksəlişin əsas səbəbi FED-in inflyasiya ilə mübarizədə geri çəkilməməsi və bazarın yenidən faiz artımı ehtimalını qiymətləndirməyə başlamasıdır.
FED-in son mesajları göstərdi ki, ABŞ-də faiz endirimi ssenarisi artıq arxa plana keçib. İnflyasiya hələ də yüksək səviyyədə qalır. İqtisadi aktivlik müəyyən qədər zəifləsə də, ciddi geriləmə müşahidə olunmur və əmək bazarı dayanıqlığını qoruyur. Bu səbəbdən bazar hazırda daha çox “faizlərin uzun müddət yüksək qalması” ssenarisini qiymətləndirir. Belə mühit dolları dəstəkləyir, EUR/USD və qızıl üzərində isə təzyiq yaradır.
Yaxın Şərqdə ABŞ və İran arasında əldə olunan razılaşma neft qiymətlərini ciddi şəkildə aşağı salsa da, vəziyyət tam sabit deyil. Hörmüz boğazı ilə bağlı keçid qaydaları, İranın nüvə proqramı və İsrail-Livan xəttində gərginlik hələ də risk olaraq qalır. Reuters-in son məlumatına görə, Brent markalı neft hazırda 72-73 ABŞ dolları diapazonunda ticarət olunur. Bununla belə, bazar iştirakçıları Hörmüz boğazı vasitəsilə neft tədarükünün tam bərpa olunub-olunmamasını diqqətlə izləməyə davam edirlər.
Cari həftədə əsas diqqət ABŞ əmək bazarı göstəricilərinə, JOLTS, ADP, NFP, ISM indekslərinə, FED sədri Kevin Vorşun çıxışına, həmçinin Yaxın Şərqdən gələcək xəbərlərə yönələcək. Əgər ABŞ məşğulluq göstəriciləri yenidən güclü olarsa, dolların yüksəlişi davam edə bilər. Əks halda, qısamüddətli korreksiya mümkündür.
ABŞ iqtisadiyyatı hələ də digər inkişaf etmiş iqtisadiyyatlarla müqayisədə daha güclü görünür. Son PMI, PCE və ÜDM göstəriciləri bazara bir mesaj verdi: iqtisadiyyat hələ də dayanıqlığını qoruyur, lakin inflyasiya FED üçün ciddi problem olaraq qalır. May ayında PCE inflyasiyasının 4.1%-ə, əsas PCE-nin isə 3.4%-ə yüksəlməsi qiymət təzyiqlərinin hələ də geniş yayıldığını göstərir.
FED rəsmilərinin son açıqlamaları da eyni istiqamətdədir. Artıq müzakirə faiz endirimlərinin nə vaxt başlayacağı ətrafında deyil, mövcud faiz səviyyəsinin inflyasiyanı aşağı salmaq üçün kifayət edib-etməyəcəyi ətrafında gedir. Kevin Vurşun rəhbərliyində FED daha az proqnoz verən, daha çox real makro göstəricilərə əsaslanan yanaşmaya keçir. Bu isə bazar üçün əlavə qeyri-müəyyənlik yaradır, lakin bu, dollar üçün dəstəkləyici amildir.
Bu həftə əsas hadisə ABŞ məşğulluq blokudur. JOLTS vakansiyaları, ADP, Challenger Job Cuts və NFP hesabatı FED-in növbəti addımı ilə bağlı gözləntiləri formalaşdıracaq. Güclü NFP dolların 102.00 üzərində möhkəmlənməsinə və EUR/USD-də yeni eniş dalğasına səbəb ola bilər. Zəif məşğulluq göstəricisi isə dollar üzrə qısamüddətli mənfəət götürülməsinə yol aça bilər.
Hazırkı mərhələdə ABŞ dolları üçün əsas dəstək yüksək inflyasiya, güclü əmək bazarı və FED-in sərt monetar mövqeyidir.
30 iyun
18:00 – “JOLTS” əmək birjasında açıq vakansiyaların sayı (may)
18:00 – İstehlakçı güvən indeksi (iyun)
1 iyul
16:15 – ADP-dən qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (iyun)
17:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (iyun)
18:00 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (iyun)
18:30 – Xam neft ehtiyatları
2 iyul
16:30 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (iyun)
16:30 – İşsizlik göstəricisi (iyun)
16:30 – Saatlıq orta əməkhaqqı (may)
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
3 iyul
Gün ərzində ABŞ-də qeyri-iş günüdür
Avrozonada vəziyyət ABŞ ilə müqayisədə daha zəif görünür. İqtisadi aktivlik hələ də zəifdir, PMI göstəriciləri 50 səviyyəsindən aşağıda qalır və regionda artım tempi ciddi impuls göstərmir. Avropa Mərkəzi Bankı inflyasiya ilə mübarizəni davam etdirmək istəsə də, zəif iqtisadi fon onun manevr imkanlarını məhdudlaşdırır.
Avropa Mərkəzi Bankı (ECB) daxilində fikirlər qarışıqdır. Bəzi rəsmilər əlavə faiz artımının lazım ola biləcəyini bildirir, digərləri isə inflyasiya şokunun uzunmüddətli gözləntilərə tam keçmədiyini vurğulayır. Bu, bazarda avro üçün qarışıq siqnal yaradır. ABŞ-də isə FED daha aydın şəkildə inflyasiyaya fokuslanıb. Nəticədə monetar siyasət fərqi yenidən dolların xeyrinə işləyir.
Bu həftə Almaniya pərakəndə satışları, Almaniya və Avrozona üzrə HICP göstəriciləri, həmçinin ECB rəsmilərinin çıxışları izləniləcək. Əgər Avrozona inflyasiyası gözləntilərdən yüksək olarsa, avro qısamüddətli dəstək ala bilər. Lakin iqtisadi zəiflik davam edərsə, EUR/USD-də bərpa cəhdləri yenə də satışlarla qarşılaşa bilər.
EUR/USD üzrə ümumi mənzərə hələ də mənfidir. Cütlük əsas hərəkətli ortalamaların altında qalır və 1.1324-1.1290 zonası əsas dəstək sahəsi kimi izlənilir.
30 iyun
16:00 – Almaniyada istehlak qiymətlərinin indeksi (aylıq) (iyun)
1 iyul
13:00 – Avrozonada istehlak qiymətləri indeksi (illik) (iyun)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1517; 1.1646; 1.1662
- Eniş hədəfləri: 1.1324; 1.1291; 1.1000
Neft bazarında son həftələrdə əsas dəyişiklik risk mükafatının azalması oldu. ABŞ və İran arasında memorandumun imzalanması, Hörmüz bağazındakı vəziyyətin qismən normallaşması və neft axınlarının bərpa olunması qiymətləri ciddi şəkildə aşağı saldı. WTI 70 dolların altına düşdü, Brent isə 72–73 dollar zonasına qədər gerilədi. Reuters-in məlumatına görə, Brent son günlər 72.44 dollar ətrafında ticarət olunub, lakin yenilənmiş ABŞ-İran gərginliyi və tanker təhlükəsizliyi ilə bağlı risklər bazarda hələ də volatilliyi saxlayır.
Brent üzrə əsas trend əvvəlki həftələrə nisbətən zəifləyib, çünki bazar artıq müharibə riskinin bir hissəsini qiymətlərdən çıxarıb. Lakin qiymətlərin daha dərin enməsi üçün iki şərt lazımdır: Hörmüz boğazı sabit işləməli və ABŞ-İran danışıqları pozulmamalıdır. Əgər bu şərtlər qorunsa, Brent 70 dollar ətrafına və daha aşağı səviyyələrə doğru təzyiq altında qala bilər.
Bununla belə, risklər tam bitməyib. Reuters-in ayrıca analizində qeyd olunur ki, Hörmüzün yenidən açılmasından sonra bazarda axınlar bərpa olunsa da, tanker hərəkətləri, logistika, sığorta və tranzit qaydaları ilə bağlı qeyri-müəyyənlik qalır. Bu səbəbdən Brent-də hərbi və diplomatik xəbərlərə həssas reaksiya davam edəcək.
WTI üzrə də vəziyyət oxşardır. Qiymətin 70 ABŞ dolları ətrafında sabitləşdiyi müşahidə olunsa da, hər hansı yeni eskalasiya 75-77 dollar zonasına sürətli sıçrayış yarada bilər. Əksinə, danışıqlar davam edərsə və neft axını sabitləşərsə, WTI yenidən 67-65 dollar zonasına doğru geriləyə bilər.
Cari həftənin gözləntiləri (Brent):
- Artım hədəfləri: 75.00; 78.50; 82.00
- Eniş hədəfləri: 70.00; 68.00; 65.00
Cari həftənin gözləntiləri (WTI):
- Artım hədəfləri: 72.00; 75.00; 77.00
- Eniş hədəfləri: 67.00; 65.00; 62.50
Qızıl dördüncü həftə ardıcıl olaraq təzyiq altında qaldı və 4000 dollar səviyyəsinə yaxınlaşdı. Əsas səbəb ABŞ dollarının güclənməsi, FED-in sərt mövqeyi və faiz artımı ehtimallarının yüksəlməsidir.
Geosiyasi risklərin azalması da qızıl üçün mənfi faktor oldu. ABŞ-İran razılaşması və neft qiymətlərinin enməsi təhlükəsiz liman tələbinin azalmasına səbəb oldu. Lakin bu dəstək tam itmiş deyil. Əgər Yaxın Şərqdə yenidən gərginlik artarsa, qızıl qısa müddətdə alıcı tapa bilər.
Bu həftə qızıl üçün əsas katalizator ABŞ əmək bazarı göstəriciləri olacaq. Güclü NFP FED-in sentyabrda faiz artımı ehtimalını gücləndirəcək və qızılı yenidən 4000 dolların altına doğru sıxa bilər. Zəif məşğulluq göstəricisi isə dolları zəiflədərək XAU/USD üzrə qısamüddətli bərpa yarada bilər.
Texniki olaraq qızıl hələ də mənfi zonadadır. 4000 dollar psixoloji səviyyəsi əsas dəstəkdir. Bu səviyyə qırılarsa, satış təzyiqi daha da sürətlənə bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 4100; 4240; 4350
- Eniş hədəfləri: 4000; 3900; 3800
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi.
© 2026 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.