"Unicapital-ın texnoloji həlləri ən aşağı tariflərlə ticarət etmək və bazarı izləmək imkanı verir" - MÜSAHİBƏ
“Unicapital İnvestisiya Şirkəti” ASC-nın direktoru Vüqar Namazov ilə müsahibə
- Vüqar bəy, son zamanlar investisiya fəaliyyəti ölkəmizdə demək olar ki, hər kəsin maraq dairəsində daxil olub. Bunun nədən irəli gəldiyini düşünürsünüz?
Düşünürəm, bunun kökündə bizi birləşdirən sahiblik hissi və qərar sərbəstliyi xüsusiyyəti dayanır. Xüsusən, innovativ sıçrayış dönəmində bu faktorlar bir qədər də “epik” xarakter almışdır.
İnvestisiya özlüyündə pulunuzu işə qoymaq və potensial olaraq sərvət yaratmağın bir yoludur.
Qiymətli kağızlara, fondlara, törəmə alətlərə, əmtəələrə, daşınmaz əmlaka və biznesə investisiya qərarları müvafiq olaraq investorun yaş, gəlirlilik və risk iştahı gözləntisindən asılıdır.
İnvestisiya düzgün balanslaşdırılmış risk-gəlir tandemində inflyasiya, valyuta məzənnəsi və digər iqtisadi faktorların təsirini minimallaşdırmağa, eyni zamanda həm də gəlirləri maksimallaşdırmağa imkan verən vasitələrdəndir.
Burada xüsusi diqqət çəkən kapital-maliyyə bazarları alətlərinə olan investisiyalardır. Azərbaycanda, bu sahənin hərtərəfli inkişafı və innovasiyaların qlobal bazarları əlçatan etməsi maliyyə bilikləri artıq strukturlaşmış vətəndaşlarımız arasında səhm, fondlar, törəmə alətlər, kripto valyuralara yatırım marağını artırmışdır.
Maliyyə qurumuna depozit yatıran əmanətçi, dolayısı ilə bankdan borc cəlb edən şirkəti maliyyələşdirdiyini anladıqda, daha sərfəli şərtlərə həmin şirkətin özünə birbaşa yatırım etməyi üstün tutur. Və ya şirkətin məhsulunu almaq əvəzinə onun səhmlərini almaqla daha üstün maddi dəyər əldə edir. Beləliklə, əmanətçi və ya istehlakçı investora çevrilir.
- Hazırda çalışdığınız “Unicapital” İnvestisiya şirkəti artıq 15 ildir ki, sahənin liderləri sırasındadır. Rəqabət qabiliyyətinin amilləri sizcə hansılardır? Tədricən onların sektorda hansı istiqamətdə dəyişdiyini düşünürsünüz?
Unicapital İnvestisiya Şirkəti onun aid olduğu Unibank KB ilə birgə Azərbaycan kapital bazarının formalaşması bünövrələrinə söykənən tarixə malik təşkilatlardandır. Eyni zamanda, Bakı Fond Birjasının ən uzunmüddətli üzvü və səhmdarıdır. Unicapital İŞ 2007-ci ildən bəri Azərbaycanda investisiya ənənəsini formalaşdırmaqla, əməliyyatlarının həcminə görə yerli fond bazarının iştirakçıları arasında lider mövqeylərini qoruyub saxlamağa davamlı olaraq müvəffəq olur.
Nə qədər paradoksal görünsə də, rəqabətə davamlıq - təşkilatın sahib olduğu resursların həcmindən və məhsul çeşidliliyindən asılı deyil. Əsas məsələ, mövcud xidmət və məhsulların arasında “gizli” qalan biznes imkanları aşkarlamaq/görmək/kəşf etməkdir. Bunun üçün, artıq oturuşmuş “ənənəvi” biznes prosesləri və məhsulları yenidən düşünmək, dizayn etmək kimi çətin qərarların qəbulu bəzən dönüş nöqtəsi ola bilir.
Unicapital İŞ-nin strateji layihələrə və innovasiyalara yatırımı onun mövqeyini daha da möhkəmləndirir. UTrader layihəsi məhz bu istiqamətlərdəndir.
Bu səbəbdən də Unicapital İŞ Azərbaycanda ən yaxşı investisiya xidmətləri təminatçısı və innovativ nailiyyətlərinə görə çoxsaylı beynəlxalq mükafatlara, o cümlədən, Böyük Britaniyanın “International Finance” jurnalının araşdırmasına görə “Azərbaycanın Ən İnnovativ Maliyyə Təşkilatı – 2021”, “Azərbaycanda Ən Yaxşı Broker Xidməti Təşkilatı – 2021”, “Azərbaycanın Ən Yaxşı İnvestisiya Şirkəti – 2020” mükafatlarına layiq görülüb.
Rəqəmsal xidmətlərin geniş yayıldığı bir şəraitdə, rəqabət üstünlüyünü - təşkilatın böyüklüyündən asılı olmayaraq, onun strategiyası, məhsulun tətbiq dairəsi və bazara çıxış sürəti ilə şərtləndirir. Əsas məsələ, təşkilatda strateji olaraq “böyük” düşünərək, kiçik addımların atılması və sürətli qərar qəbulu vərdişlərinin formalaşdırılmasıdır.
- Kapital bazarının inkişafında innovasiyalar və rəqəmsallaşma hansı imkanlar yaradır?
Qlobal kapital bazarının inkişafında baş verən iki əsas trendi xüsusi qeyd etmək istədim:
1. İnnovasiya kapital bazarı dəyər zəncirinin bütün tərkib hissələrinə təsir edir.
2. Maliyyə xidmətləri elektronlaşma ilə yanaşı mobilləşməyə doğru irəliləyir.
Harvard Business Review-a görə, dünyanın aparıcı e-ticarət xidmətləri üzrə gəlirlərin 60%-i API həlləri hesabına formalaşır.
Düşünürəm, innovasiyaların tətbiqi və onun yaratdığı imkanlar ilk növbədə şirkətin yaxşı düşünülmüş rəqəmsal strategiyasından asılıdır. Artıq təşkilatların sürətli dəyişən bazar tendensiyalarına ləng reaksiya vermək (hətta, bəzən obyektiv səbəblərdən) kimi bir “lüksü” qalmamışdır.
Hesab edirəm, Azərbaycan kapital bazarları bu gün özünün rəqəmsal tendensiyalara və texnologiyalara uyğunlaşmaq, eləcə də yeni biznes modelləri və innovativ məhsul/xidmətləri təqdim etmək imkanının olduğu keçid dövrünü yaşayır.
Bu müstəvisində innovasiyalar - onlayn müştərilərinin tanınması, məsafədən müştəri hasablarının açılması, mobil ticarət, elektron ödənişlər və s. təmassız xidmətlərin formalaşması, sərhədsiz bazar və alət çeşidinin müştərilərə təqdim edilməsi və bütün bunların aşağı xərc və yüksək sürətlə təşkilidir.
Unicapital İŞ-nin sahib olduğu texnoloji həllər müştərilərə qlobal birjalarda öz qrupundan olan şirkətlərlə müqayisədə mövcud olan ən aşağı tariflərlə ticarət etmək və bazarı izləmək imkanı verir.
Dünyada 5 milyarddan artıq unikal mobil nömrə istifadəçisi vardır. Azərbaycanda əhalinin təqribən 84%-i mobil telefon istifadəçisidir. Odur ki, bu istiqamətdə növbəti önəmli addım, müştərini bazara yox, bazarı müştərinin qapısına gətirməkdir. Bu istiqamətdə mobil tətbiqlərin böyük rolu vardır.
- “Unicapital” İnvestisiya Şirkəti tərəfindən istifadəyə verilən “UTrader” ticarət platforması və onun xüsusiyyətləri haqqında qısa məlumat verə bilərsiniz?
Platformaların məhsulları üstələdiyi dövrdə rəqabət aparmamaq risklidir. Bir çox mövcud şirkətlər öz platformalarını yaradır və ya digər şirkətlərin platformalarına qoşulurlar. Öz platformanı yaratmaq çox sayda alternativlərin olduğu mühitdə xeyli resurs və güc tələb edir.
Belə olduqda nə etməli: öndə olan şirkətləri təqlid etmək, onlarla gücləri birləşdirmək və ya ümumiyyətlə bazara daxil olmamaq?
Unicapital İnvestisiya Şirkəti olaraq, öz platformamızı yaratmaq qərarına gəldik. Artıq UTrader tam müştəri təcrübəsini özündə birləşdirən, çoxalətli ticarət eko-sistemə çevrilmişdir.
Strateji innovasiyaların bir hissəsi olaraq, UTrader investorlara 15,000-dən çox maliyyə aləti ilə həm yerli, həm də 17-dən çox xarici maliyyə bazarlarına çıxış imkanı yaradır. 2022-ci ildə təqdim edilən platforma doğma dilimizdə tərtib edilən ilk çox alətli ticarət platformasıdır. UTrader həm veb həm də mobil platformalarda müştərilərimizin ixtiyarındadır.
Daha bir özəlliyi izah etmək üçün, ilk əvvəl səhm bazarında iştirak edən investorların motivlərini üç əsas hissəyə bölərdim. Bunlar:
1. Qiymət fərqindən yararlanmaq
2. Divident almaq
3. Sahiblik əldə etmək
Sonuncu qrup yatırımçılar, faktiki olaraq alətə sahib olmaqla həm divident almaq həm də alqı-satqı zamanı gəlir əldə etmək imkanını əldə edirlər. UTrader platforması məhz sahiblik, divident və bazar əməliyyatlarından faydalanmaq imkanı yaradır (CFD və ya digər sintetik aktiv olmadan).
UTrader platformasını ona görə eko-sistemi adlandırmaq olar ki, onun üzərindən digər şirkətlərə Unicapital İŞ vasitəsi ilə və ya müvafiq requlyativ icazəyə sahib olduğu təqdirdə birbaşa qlobal kapital bazarlarına çıxış üçün 360 dərəcə biznes-əməliyyat-satış-texnologiya həlləri təklif edə bilirik.
- Bu yaxınlarda "UTrader" platformasının mobil tətbiqi istifadəyə verildi. Belə bir yenilik, investorlar tərəfindən necə qarşılandı?
Artıq üçüncü aydır ki, UTrader platformasının bütün mobil platformalarda istifadəyə vermişik. Təbii ki, müştərilərimiz bunu səbirsizliklə gözləyirdir. Yeni müştərilərin demək olar ki, hamısı öncə müştərilərin isə yarıdan çoxu artıq mobil tətbiq istifadəçiləridir.
Azərbaycanda əhalinin böyük hissəsinin mobil telefon istifadəçisi olmasını nəzərə alaraq, düşünürəm gələcək məhz mobil tətbiq üzərindədir. Bu eyni zamanda yerli kapital bazarlarında inklyuzivliyin artırılmasına xidmət edəcəkdir.
- İnvestisiya fəaliyyəti ilə məşğul olmaq üçün ilk öncə nədən başlamağı tövsiyə edərdiniz?
İlk əvvəl maariflənmə, sonra investisiya planlaması və yekun olaraq düzgün investisiya şirkətinin seçilməsini tövsiyyə edərdim. Unicapital İŞ peşəkar komandası ilə, 2007-ci ildən bəri bütün maraqlı şəxsləri investisiya “səyahətində” müşayiət etmək üçün 30-dək müştəri mərkəzi üzərindən xidmət göstərir.
Müsahibəyə görə təşəkkür edirik!
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.