“VMF” MMC -nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
19 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “VMF”MMC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.
Tədavül müddəti 18 ay, nominal dəyəri 100 manat , 1,000,000 (bir milyon) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlar birjada emitentin anderrayteri Unicapital İnvestisiya Şirkəti tərəfindən 100% uğurla yerləşdirilib. İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə 3 aydan bir təşkil edir.
VMF istiqrazları üçün “Açılış Zəngi”nin çalındığı tədbirdə, yerli və xarici şirkətlərin rəsmiləri ilə yanaşı Azərbaycan Respublikası Mərkəzi Bankının, Bakı Fond Birjasının və Milli Depozit Mərkəzinin səlahiyyətli nümayəndələri də iştirak edib.
Qeyd edək ki, 1997-ci ildə yaranan və dünyaca məşhur Longines, Rado, Maurice Lacroix, Raymond Weil, Versace, Salvatore Ferregamo, Tissot, Certina, Hamilton, Swatch, Flik-Flak, Seiko, Citizen, Obaku, VMF NF, VMF Rover, VMF Elli, Casio, Zippo, Victorinox və digər brendlərin Azərbaycanda rəsmi distribütoru olan VMF şirkəti, tədbir zamanı iştirakçılara 50-dən çox yeni və qeyri-adi dizaynlı saat modellərini nümayiş etdirib. Bu səpkidə ilk dəfə və olduqca böyük auditoriya qarşısında təşkil olunan tədbir böyük rəğbətlə qarşılanıb.
Tədbirdə VMF şirkətinin yaradıcısı Vahid Mustafayev şirkətin bu günədək keçdiyi uğur yolundan danışıb. Öz çıxışı zamanı “VMF 2024” konseptinə də toxunan cənab Mustafayev, yaxın gələcək planlarının satış nöqtələrinin Azərbaycan üzrə sayını 30-a çatdırmaq, onlarda texnoloji müsbət dəyişikliklər etmək, yeni multi-brend mühiti yaratmaq, satış prosesini əyləncə seqmenti ilə inteqrasiya etmək istiqamətində olduğunu qeyd edib.
Görüş Bakı Fond Birjasının və “Unicapital İ.Ş” ASC-nin rəsmi səlahiyyətli nümayəndələrinin çıxışları müşayiətində davam edib. Onlar qeyd olunan istiqrazların korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla, investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühitinin formalaşmasında müstəsna rolu olacağını bildiriblər .
İnvestorlar tərəfindən böyük maraqla qarşılanan VMF istiqrazlarının hərracında iştirak edə bilməyən şəxslər “Unicapital”a müraciət edərək qiymətli kağızları təkrar bazardan əldə edə bilərlər.
Xatırladaq ki, bu hərrac “Unicapital”ın son aylarda həyata keçirdiyi 4-cü 100% uğurlu yerləşdirmədir.
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.