Maliyyə bazarında son baş verənlər
Daxili Bazar :
➢ 28 oktyabr tarixində AR Mərkəzi Bankı uçot dərəcəsini 0.25 faiz bəndi artıraraq 8%-ə, faiz dəhlizinin aşağı həddini isə 1% artıraraq 5%-ə qaldırmış, yuxarı həddini isə 9.25% səviyyəsində dəyişməz saxlamışdır. Bu qərar faktiki və proqnoz inflyasiya, qlobal və daxili iqtisadi mühitdə gedən proseslər, habelə gözləntilər nəzərə alınmaqla verilmişdir. Pul siyasәti qәrarına dair növbəti açıqlama 2022-ci il dekabr ayının 16-da veriləcəkdir.
➢ Sentyabrda aylıq inflyasiya 3.1% olmaqla son 80 ayın ən yüksək səviyyəsinə çatmışdır. İllik inflyasiya 2022-ci ilin sentyabrında 15.6% təşkil etmiş, orta illik inflyasiya isə 13.4% olmuşdur. 2022-ci ilin sonuna illik inflyasiya proqnozu yüksəldilmişdir. III rübdə faktiki inflyasiyanın gözləntiləri üstələməsi, ticarət tərəfdaşlarında yüksək inflyasiyanın davam etməsi, eləcə də qiymət və tarifləri dövlət tərəfindən müəyyən olunan bəzi xidmətlərin tariflərinin dəyişdirilməsi proqnozun dəyişdirilməsinə əsas vermişdir. 2023-cü ildə illik inflyasiyanın 2022-ci illə müqayisədə daha aşağı olacağı proqnozu qüvvədə qalır. Mərkəzi Bankın təhlillərinə əsasən faktiki inflyasiya əsas ticarət tərəfdaşlarındakı inflyasiya proseslərindən və xarici mənşəli xərc amillərindən təsirlənir.
➢ Mərkəzi Bankın məlumatına əsasən 2022-ci ilin 9 ayında strateji valyuta ehtiyatları 3.5% və ya 1.8 mlrd. ABŞ dolları artaraq 55.1 mlrd. ABŞ dollarına yüksəlmişdir. ARDNF-nin valyuta satışları üzrə qənaətin məbləği 27.10.2022-ci il tarixə 820.8 mln. ABŞ dolları olmuşdur.
➢ 2022-ci ilin 9 ayında ümumi daxili məhsul real ifadədə 5.6%, o cümlədən, qeyri-neft sektoru üzrə 10.1% artmışdır. Qeyri-neft sektorunda ən çox artım turizm və ictimai iaşədə (74%), nəqliyyat və anbar təsərrüfatında (27.2%), informasiya və rabitədə (15.5%), tikintidə (13.3%) olmuşdur.
➢ Ötən həftə AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının hərracı 7.49% orta ölçülmüş gəlirliliklə nəticələnmiş, tələb təklifi 4 dəfəyədək üstələmiş, yerləşdirilmiş həcm 45 milyon AZN olmuşdur. Bundan öncəki 3 illik istiqraz hərracı 7.41% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi. Bu həftə AR Maliyyə Nazirliyinin 5 illik istiqrazlarının hərracı keçiriləcəkdir. Ötən dəfə 5 illik istiqraz hərracı 8.76% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi.
➢ Ötən həftə AR Mərkəzi Bankının not hərraclarında gəlirlilik 3.39%-4.63% aralığında olmuşdur.
Xarici Bazarlar:
➢ 27 oktyabrda ABŞ-da ilin ilk 9 ayının ÜDM artım məlumatı açıqlandı. ÜDM artımı gözləntilərdən (2.4%) daha yüksək - 2.6% açıqlandı, ötən rübdə ÜDM artımı -0.6% idi.
➢ Ötən həftə Avropa Mərkəzi Bankı (AMB) da yüksək inflyasiyanı cilovlamaq üçün bu il ikinci dəfə faiz artımını etdi. Belə ki, iqtisadçıların gözləntilərinə də uyğun olaraq AMB yenidən əsas faizini (depozit faizini) 0,75 bənd artıraraq 0,75%-dən 1,50%-ə qaldırdı. Xatırladaq ki, hazırda Avrozonada inflyasiya 10%-dir.
➢ 2 noyabr tarixində ABŞ Federal Ehtiyatlar Sistemi növbəti faiz qərarını açıqlayacaq. Bloomberg analitikləri faizlərin növbəti dəfə 0.75% artırılaraq 3.75%-4.00%-ə çatacağını ehtimal edirlər.
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.