Maliyyə bazarlarına həftəlik baxış
Daxili bazar
- 14 mart tarixində AR Maliyyə Nazirliyinin 40 milyon AZN həcmində 3 illik istiqrazlarının hərracı keçirilmişdir. Hərracda tələb təklifi 3.5 dəfədən çox üstələmiş, orta ölçülmüş və kəsmə gəlirlilik müvafiq olaraq 9.11% və 9.34% olmuşdur. Bundan öncəki 3 illik istiqraz hərracı 9.50% orta ölçülmüş və 9.69% kəsmə gəlirliliklə nəticələnmişdi. 28 mart tarixində də 50 milyon AZN həcmində 3 illik istiqraz hərracı keçiriləcəkdir.
- Azərbaycanda inflyasiya artaraq 13.6%-dən 13.9%-ə yüksəlmişdir. Belə ki, 2023-cü ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-fevral aylarına nisbətən 13,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,3%, artıb. Və 2023-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,5%, əvvəlki ilin fevral ayına nisbətən 14,1% yüksəlib.
- 29 mart tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot faiz dərəcəsi qərarını açıqlayacaq. Qərarda əsasən daxili və xarici mühitdə inflyasiyaya artırıcı və azaldıcı təsir göstərən amillərin dinamikası nəzərə alınacaqdır. Bundan öncəki iclasında (1 fevral 2023) AR Mərkəzi Bankı uçot dərəcəsini 0.25% artıraraq 8.5%-ə, faiz dəhlizinin aşağı həddini 0.5% artıraraq 6.75%-ə, faiz dəhlizinin yuxarı həddini isə 0.25% artıraraq 9.5%-ə qaldırmışdır.
Qlobal bazar
- 22 mart tarixində ABŞ FED faiz qərarını verdi. FED ABŞ-da bank sektorunda yaranan çətinliklərə baxmayaraq inflyasiyanın hədəf inflyasiyadan yüksək olması səbəbilə faizlərdə 0.25% artım edərək faizləri 4.50%-4.75% həddindən 4.75%-5.00% həddinə çatdırdı. Xatırladaq ki, mart ayında inflyasiya azalaraq 6.4%-dən 6.0%-ə düşmüş və analitiklərin gözləntilərinə uyğun olmuşdur.
- 17 mart tarixində Rusiya Mərkəzi Bankı da uçot faiz dərəcəsi qərarını verdi. Faiz dərəcəsi dəyişdirilməyərək 7.50% səviyyəsində saxlanıldı. Xatırladaq ki, Rusiyada inflyasiya 11.77%-dən 10.99%-ə düşmüşdür.
- Ötən həftə Türkiyə Mərkəzi Bankı da faiz dərəcəsini dəyişməyərək 8.50% həddində sabit saxladı.
- Avropa Mərkəzi Bankı əsas uçot faiz dərəcəsini 0.50% artıraraq 3.00%-dən 3.50%-ə qaldırdı. Xatırladaq ki, Avrozonada inflyasiya göstəricisi 8.5% açıqlanmışdı.
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.