Yerli və xarici bazarda son dəyişikliklər
Daxili Bazar:
- AR Maliyyə Nazirliyinin istiqrazlarında gəlirliliklər artmaqda davam edir. Ötən həftə 30 milyon manat həcmində 2 illik istiqrazlarının hərracı 5.95% orta ölçülmüş və 6.00% kəsmə gəlirliliklə nəticələnmişdi. Hərracda tələb təklifi 4.5 dəfədən çox üstələmiş, yerləşdirilmiş həcm 45 milyon AZN olmuşdur. Oktyabr ayında AR Maliyyə Nazirliyinin 2 illik istiqrazlarının hərraclarında orta ölçülmüş və kəsmə gəlirlilik 5.49% olmuşdu.
- Ötən həftə həmçinin cari ilin may ayından sonra ilk dəfə AR Maliyyə Nazirliyinin 100 milyon AZN həcmində, 1 illik istiqrazlarının hərracı keçirilmişdir. Hərracda orta ölçülmüş və kəsmə gəlirlilik müvafiq olaraq 4.25% və 4.90% olmuş, tələb təklifi 4 dəfədən çox üstələmiş və yerləşdirilmiş həcm 93 milyon AZN olmuşdur. Bu həftə də 100 milyon AZN həcmində AR Maliyyə Nazirliyinin 1 illik istiqrazlarının hərracı keçiriləcək.
- 23-24 noyabr tarixlərində keçirilən AR Mərkəzi Bankının not hərracları 3.46%-4.57% gəlirliliklə nəticələnmiş, hər hərracda 30 milyon AZN yerləşdirilmişdir.
- Xarici Bazarlar:
- 24 noyabr tarixində Türkiyə Mərkəzi Bankının faiz qərarı ilə bağlı iclası keçirilib. İclasda uçot dərəcəsi 1,5 faiz bəndi azaldılaraq 10,5%-dən 9%-ə endirilib. Türkiyə Mərkəzi Bankı əvvəlki iclasında bəyan etmişdi ki, dekabr ayında da faiz azaldılacaq və sonra gözləmə mövqeyi tutulacaq. Türkiyə Mərkəzi Bankı bu faiz qərarını investisiyaların və məşğulluğun artması tendensiyasının qorunması məqsədilə maliyyə şərtlərinin əlverişli olmasının vacibliyi ilə əsaslandırıb. Faizlərin azaldılmasından sonra Dollar/TL məzənnəsində ciddi dəyişiklik qeydə alınmayıb.
- Bu həftə ABŞ-da əsas məşğulluq göstəricilərindən biri olan qeyri-kənd təsərrüfatı sahələrindəki iş yerlərinin sayında olan dəyişiklik məlumatı açıqlanacaq. Bloomberg analitikləri bu göstəricinin ötən aya nisbətən (261 min) azalaraq 200 minə enəcəyini proqnoz ediblər.ABŞ-da işsizlik dərəcəsinin isə 3.7% olaraq qalacağı proqnoz edilib.
- 30 noyabr tarixində Avrozonada inflyasiya məlumatı açıqlanacaq. Analitiklər inflyasiyanın 10.6%-dən 10.4%-ə düşəcəyini proqnoz ediblər. Avropa Mərkəzi Bankı rəsmiləri gələn ilin 1-ci yarısından inflyasiyanın azalmağa başlayacağını bildiriblər.
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.